Qazaxıstanla Özbəkistan da Azərbaycanın "Yaşıl dəhlizinə" qoşulmaq niyyətindədir...
Akif Nəsirli: “Türk dövlətləri olan Qazaxıstan və Özbəkistanın da bu layihəyə qoşulması planlaşdırılıb”
Azərbaycandan Avropaya uzanan "yaşıl" enerji dəhlizinə Qazaxıstan və Özbəkistan da qoşula bilər, bununla bağlı ətraflı danışıqlar aparılır.
Bu barədə energetika nazirinin müavini Kamal Abbasov 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.
“Bu ölkələrin də Avropaya uzanan “Yaşıl enerji” dəhlizinə qoşulmasının əhəmiyyəti böyükdür”
“Yaşıl enerji” dəhlizinə Qazaxıstan və Özbəkistanın qoşulmaq niyyətini şərh edən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “yaşıl enerji” dedikdə burada alternativ və bərpa olunan enerjidən söhbət gedir. “Belə bir layihə var ki, Azərbaycandan “yaşıl enerji” - alternativ və bərpa olunan enerji hesabına əldə olunan elektrik enerjisi Avropaya ötürülsün. Artıq Azərbaycan bu layihənin maliyyələşdirilməsi üçün investorlar axtarışı mərhələsindədir. Bir çox ölkələr bu layihəyə investisiya qoymağı nəzərdə tutur. Onu bir qədər də genişləndirərək Mərkəzi Asiyanın türk dövlətləri olan Qazaxıstan və Özbəkistanın da bu layihəyə qoşulması planlaşdırılıb. Bu ölkələrin də Avropaya uzanan “yaşıl enerji” dəhlizinə qoşulmasının əhəmiyyəti böyükdür” - deyə bildirən A.Nəsirlinin fikrincə, birincisi bu, türk ölkələrinin bir-birinə inteqrasiyası baxımından önəmlidir, digər tərəfdən isə, həmin “yaşıl enerji” dəhlizi Azərbaycanm üzərindən keçəcək və bu dəhlizə nə qədər çox ölkə qoşularsa, bu, Azərbaycanın daha çox iqtisadi gəlir, mənfəət əldə etməsinə şərait yaradır. “Yəni tutaq ki, bu gün Qazaxıstan və Özbəkistan qoşulursa, sabah buna Türkmənistan, Qırğızıstan, Tacikistan və başqa ölkələr də qoşula bilər. Çünki “yaşıl enerji” elə bir enerji növüdür ki, onun mənbəyi hər bir ölkədə var. Yəni ənənəvi enerji yalnız neft-qaz ölkələrində olur, amma alternativ və bərpa olunan enerji dünyanın bütün ölkələrində mövcuddur. Üstəlik də, bu dəhliz vasitəsilə elektrik enerjisindən başqa həm də hidrogen ixracatı nəzərdə tutulur. Bilirsiz ki, hidrogen qazından enerji almaq kifayət qədər inkişaf edib. Bu gün Azərbaycanda hidrogendən elektrik enerjisinin alınması üzərində iş gedir. Burda hidrogen qazından elektrik enerjisi almaq çox asandır, çünki böyük enerji potensialı var. Sadəcə olaraq, təhlükəsizlik məsələlərini həll etmək üçün bu sahədə müəyyən işlər görülməlidir. Məsələn, burada sel-su, daşqın və digər təbii fəlakətlərdən kənar regionun seçilməsi, xammalın əldə olunması və təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Hidrogen enerjisindən istifadədə əsas məsələrdən biri budur.
Məsələni bir də konkretləşdirək: bu ölkələrin qoşulmasının birinci əhəmiyyəti odur ki, bununla türk dövlətləri arasında iqtisadi inteqarsiya dərinləşir, digər tərəfdən, bu dəhlizə nə qədər ölkə qoşulsa Azərbaycanın mənfəəti bir o qədər artır” - deyə A.Nəsirli vurğuladı.
İradə SARIYEVA