Restoranlarda sifariş və qiymət sıçrayışla qalxdı - nə olub görəsən...
Kamran Məmmədli: “Toy qiymətlərinin tənzimlənmə mexanizmi yoxdur”
2023-cü ilin oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 47.5 faiz artıb. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məlumat yayıb. Qeyd edilib ki, sifarişlərin sayında artım məhərrəmlik ayından sonra artan tələblə bağlıdır.
Eyni zamanda, şadlıq saraylarında oktyabr ayında qiymətlər 8.2 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 10.3 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 7.8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6.3 faiz artım qeydə alınıb. Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib. 2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil edib.
Maraqlıdır, şadlıq saraylarında menyu qiymətlərinin artmasının səbəbi nədir?
“Restoranlar qiymət artırmaqda israrlıdırsa, vətəndaşlar da menyuda dəyişiklik eləsin, yəni daha az…”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, toy qiymətlərinin tənzimlənmə mexanizmi yoxdur: “Bu sahədə qiymətlərin tənzimlənməsi heç olmamalıdır, çünki restoran biznesi kifayət qədər rəqabətli sahədir. Sahənin oyunçuları çoxdur və özü-özünü tənzimləyir. Burada sahibkarlar bazar şərtlərinə uyğun davranırlar. Onu da deyim ki, əvvəl şadlıq saraylarında qonaqların sayında məhdudiyyətlər olduğundan, bu, sabit xərcləri artırırdı. Məcbur qalıb qiymətləri artırırdılar. Daha sonra məhdudiyyətlər aradan qalxdı, toylar genişləndi və ona görə də hazırkı ciddi qiymət artımları ərzaq, kommunal sahəsində olan bahalaşma ilə əlaqəlidir. Ərzağın qiymətinin artması menyuya da təsir edir. Şadlıq saraylarının icarə qiyməti qalxmayıb ki, deyək, əvvəl 50 min olan icarə haqqı artaraq indi 80 minə çatıb. Elə vəziyyət yoxdur. Artım ancaq yemək, işıq, qaz, su, ərzaq qiymətlərində müşahidə edilir. Toy mərasimləri üçün təklif edilən qiymətlərdə süni qiymət artımı yoxdur, çünki dediyimiz faktorlar buna təsir edir. Ərzaq artımı, kommunal xərclər artdığı üçün şadlıq saraylarında bu qiymətlər menyuya yansıyır".
Ekspert esab edir ki, toyların formatının dəyişdirilməsinə ciddi ehtiyac var: “Azərbaycanda artıq bəhsəbəhslə toyların keçirilməsinə, masalarda çox böyük israfa ehtiyac yoxdur. Əgər restoranlar qiymət artırmaqda israrlıdırsa, vətəndaşlar da menyuda dəyişiklik eləsin, yəni daha az çeşidlə bir çox ölkədə olduğu kimi sadə toy məclisi keçirilsin. Kəskin qiymət artımı alıcılıq qabiliyyətinin az olması ilə əlaqədar vətəndaşların ciddi narazılığına gətirib çıxaracaq”.
Günel CƏLİLOVA