İlham Əliyev İƏT-lə bağlı bir təşəbbüsünü də gerçəkləşdirdi...
Tural İsmayılov: “İslam Əməkdaşlıq Təşkilatının Bakıda fəaliyyət göstərməsi yeni iş yerlərinin açılmasına səbəb olacaq”
Məlum olduğu kimi, Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi açılıb. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
Mərkəzin əsas fəaliyyət istiqamətləri əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi, əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasının təşviq edilməsi olacaq.
“İƏT-də insan kapitalının əsas götürülməsi ölkəmizin sosial müdafiə siyasətinə və sosial sahədə həyata keçirdiyi islahatlara böyük töhfə verəcək”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatı bu gün dünyanın önəmli təşkilatlarından biridir: “Bu təşkilata üzv olan ölkələrin arealı və coğrafiyası çox genişdir. Danılmaz faktdır ki, İslam Əməkdaşlıq Təşkilatında dünyanın ən önəmli ölkələri yer alır. Məlumdur ki, adıçəkilən təşkilatda Azərbaycanın xüsusi yeri var. Təşkilat Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə çox aktiv şəkildə ölkəmizin mövqeyini müdafiə edib. İşğaldan sonrakı dövrdə isə Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatındakı əksər ölkələrin kifayət qədər enerji potensialı və dünya iqtisadiyyatında öz yerləri var. Belə bir təşkilatla bizim əlaqələrimizin bu konteksdə olması ölkənin marağı baxımından vacibdir”.
Həmsöhbətimizin fikrincə, İslam Əməkdaşlıq Təşkilatının Bakıda fəaliyyət göstərməsi yeni iş yerlərinin açılmasına səbəb olacaq: “Bu baxımdan hesab edirəm ki, təşkilatla əlaqələrin inkişaf etməsi sosial məsələlərin inkişaf etməsinə səbəb olacaq. Onu da nəzərə almaq lazımdır ki, İƏT-də insan kapitalının əsas götürülməsi ölkəmizin sosial müdafiə siyasətinə və sosial sahədə həyata keçirdiyi islahatlara böyük töhfə verəcək”.
Günel CƏLİLOVA