Azərbaycan ermənilərlə saziş yolunda bütün maneələri qaldırdı - ancaq iş getmir...
Əli Orucov: “Böyük dövlətlərin bölgə ilə bağlı geosiyasi ambisiyaları sülh sazişinin imzalanmasına imkan vermir”
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını açıqlayıb.
Bu barədə dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edərkən bildirib.
Dövlət başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa edib. Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistanla dialoqa hazır olduğunu vurğulayıb.
Madam ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hər hansı əngəl yoxdu, o zaman sülh sazişinin imzalanmasına mane olan nədi?
“Paşinyan müstəqil fiqur deyil və öz siyasi fəaliyyətini Qərbdən gələn narrativlərə uyğun qurur”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan faktor regionda gedən geosiyasi mübarizədir: “Məsələ ondadır ki, Qərb Rusiyanı bölgədən, ilk növbədə Ermənistandan çıxarmaq istəyir. Sülh sazişi imzalansa Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqı müşahidə missiyasının mövcudluğuna ehtiyac olmayacaq. İki ölkə sərhədlə bağlı məsələləri danışıqlar yolu ilə mərhələli şəkildə həll edəcəklər. Sülh olsa, nəinki Qərbin, heç Rusiyanın da vasitəçiliyinə ehtiyac olmayacaq. Çoxlarına bəllidir ki, Aİ müşhidə missiyası Ermənistanda kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Onlar Azərbaycanla sərhəddə müşahidə aparsalar da, əsas fəaliyyətləru Rusiyaya qarşı kəşfiyyat işi aparmaqdır. Təsadüfi deyil ki, missiyanın tərkibi kəşfiyyatçılardan və ehtiyata buraxılan hərbçilərdən ibarətdir. Kim nə deyir-desin, Paşinyan müstəqil fiqur deyil. O, öz siyasi fəaliyyətini Qərbdən gələn narrativlərə uyğun qurur. Bu işdə də əsas kurator rolunda Fransa çıxış edir. Fransa istəmir ki, iki tərəf arasında sülh rəsmiləşsin. Bu səbəbdən Ermənistanı silahlandırır, revanşistləri ruhlandırır. Belə bir rəy formalaşdırır ki, guya kollektiv Qərbin təzyiqləri nəticəsində Azərbaycan geri addım atacaq. Necə deyərlər, zaman Ermənistanın xeyrinə sürətlə işləyəcək. Onların yanaşmaları belədir ki, bu işdə əsas maneə Rusiyadır. Ermənistan əsaslı şəkildə Rusiyadan qopsa - KTMT-dən, Avrasiya İqtisadi İttifaqından çıxsa, daha çox dəstək alacaq. Fikir versək görərik ki, Paşinyan hakimiyyətinin siyasi-hərbi müstəvidə son vaxtlar Rusiyaya qarşı manevrləri daha da artır. Hesab edirəm ki, bu bilavasitə Qərbdən gələn təlimatdır. Belə baxanda, həqiqətən də sülh sazişinin imzalanması üçün elə bir ciddi maneə qalmayıb. Azərbaycan Qarabağda suverenliyini tam təmin edib. Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edib. Həmçinin 19 sentyabr antiterror əməliyyatlarından sonra Azərbaycan-Ermənistan sərhədində atəşkəs pozulmur. Bütün bunlar sülh sazişinin imzalanması üçün yetərlidir. Ancaq böyük dövlətlərin bölgə ilə bağlı geosiyasi ambisiyaları sülh sazişinin imzalanmasına imkan vermir”.
Vidadi ORDAHALLI