Azərbaycana kənardan gələn təhlükənin mənbəyi bu idi...
Arzuman Abdulkərimov: “Əgər dövlət bu addımları atmasa, bir müddətdən sonra biz acı nəticələrlə üz-üzə qalmış olarıq”
Prezident İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.
O bu barədə ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda danışıb: "Sərhədləri bağlı saxlamaq qərarı Covidə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır".
Prezident Əliyev deyib ki, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün əlverişsiz olsa da, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır:
"Xüsusilə də indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr də ki, yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır”.
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından quru və dəniz sərhədləri qapadılıb. O tarixdən etibarən hər üç aydan bir xüsusi karantin rejiminin vaxtı uzadılır. Hazırda Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.
Göründüyü kimi, ölkə başçısı bu amili sırf təhlükəsizliklə əlaqələndirib. Bununla bağlı ekspertlər nə düşünür?
“Hilal” Sosial Araşdırmalar Mərkəzinin sədri Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin açıqlamasından bir çox detallar məlum oldu: “Bu məsələ vaxtaşırı gündəmə gəlir, tez-tez müzakirə edilir. Xüsusilə sərhədlərin bağlı qalmasının iqtisadi zərərləri haqda narahatlıq ifadə olunur.
Bütün bunlara baxmayaraq, unutmamaq lazımdır ki, təhlükəsizlik hər şeydən önəmlidir. Ümumiyyətlə baxmaq lazımdır ki, sərhədlər niyə bağlandı. Məlum olduğu kimi, pandemiya ilə əlaqədar olaraq yoluxma sayının artmaması və xaricdən virus daşıyıcısı olacaq potensial şəxslərin ölkəyə girişinin qarşısını almaq üçün belə bir zəruri tədbir görüldü. Bu gün ölkədə pandemiya rejimi əvvəlki kimi sərt yoluxma sayı ilə qeydə alınmasa da, sərhədlər bağlı olaraq qalır. Aydın oldu ki, başqa səbəblər var və təhlükəsizlik baxımından belə bir tədbir görmək zərurəti yaranıb.
Hesab edirəm, sərhədlərin bağlı qalması məsələsinə ən yaxşı cavabı Prezident verdi.
Unutmamaq lazımdır ki, Azərbaycan yaxın keçmişdə dəhşətli teraktlara məruz qalıb. Xüsusilə erməni terror təşkilatları xalqımıza, ölkəmizə qarşı ciddi təhdidlər yaradır. Ona görə də hər zaman ayıq-sayıq olmalı, təhlükəsizliyimizi qorumalıyıq. Bu baxımdan sərhədlərin bağlı qalması doğru qərardır. Məsələnin hökumət tərəfindən bəyan olunmayan bir neçə qlobal səbəbləri olub. Bu gün Azərbaycana qarşı ciddi və haqsız təzyiqlər mövcuddur. Bizə düşmən olan güclər ölkə daxilində müxtəlif şəbəkələri qurub yaratmaqla hər vəchlə daxili sabitliyi pozmağa çalışırlar. Bu yaxınlarda ölkəmizdə İranın böyük dindar casus şəbəkəsinin ifşa edilməsi dediklərimizin bir nümunəsidir. Bir sözlə, dövlət baş verən bütün prosesləri görür və onlara uyğun qərarlar qəbul edir. Əgər dövlət bu addımları atmasa, bir müddətdən sonra biz acı nəticələrlə üz-üzə qalmış olarıq. Quru sərhədlərin bağlı saxlanmasının bir başqa səbəbi şimal və cənub qonşularımız olan Rusiya və İranla bağlı baş verən proseslərdir. Bu gün bütün sivil dünya var gücü ilə bu iki ölkənin üzərinə gedir və bütün imkanları bir araya gətirərək hər iki ölkəni içəridən dağıtmağa çalışır. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən hərbi toqquşmalar, İsraillə İran arasındakı açıq müharibə bunu şərtləndirir. Ali hədəflərindən biri və birincisi də elə budur. Əhalisinin sayı 145 milyondan çox olan Rusiyada və 87 milyona yaxın insanın yaşadığı İranda vətəndaş qarşıdurmasının nə demək olduğunu və onun qonşu ölkələr üçün hansı fəsadlar yarada biləcəyini bir anlıq təsəvvür edək. Dövlət bütün bunları hesablayır. Biz bu gün sərhədləri açıb sabah bu hadisələr baş verəndə onu qapadarıqsa, bizi dünyada heç kim başa düşməz. Ancaq sərhədlər əvvəldən bağlıdırsa, bu zaman bizə heç kim irad bildirə bilməz. Prezidentin izahı məsələnin dərin olduğunu üzə çıxardı. Doğru olaraq qeyd etdi ki, dövlətin təhlükəsizliyi hər məsələdən önəmlidir”.
Məhəmmədəli QƏRİBLİ