Meşə fondunda antikorrupsiya əməliyyatına əsas olmuş neqativlər var...
Telman Zeynalov: “Mebel hazırlamaq və ya satmaq məqsədilə meşədə ağacları kəsirlər”
Məlum olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirib.
Məlum əməliyyat onu deməyə əsas verir ki, Azərbaycanın meşə fonunda xoşagəlməz hallar yaşanır.
“Təbiəti, yaşıllığı məhv etmək olmaz, bu işlərə göz yumanlar, şərait yaradanlar sərt şəkildə cəzalandırılmalıdır”
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, uzun illərdir Azərbaycanın meşə təsərrüfatında xoşagəlməz hallar yaşanır: “Bu faktlar hər kəsin gözü önündə açıq-aşkar edilib. Ağacların kəsilib məhv edilməsi danılmaz faktdır. Bu sahəyə nəzarət, demək olar ki, yoxdur. Bəzi iş adamları ağacları satmaq məqsədilə kəsir. Mebel hazırlamaq və ya satmaq məqsədi ilə meşədə ağacları kəsirlər. Sağlam ağaclar kəsildiyi zaman ekologiya korlanır. Təbiəti, yaşıllığı məhv etmək olmaz. Bu işlərə göz yumanlar, şərait yaradanlar sərt şəkildə cəzalandırılmalıdır”.
Ekspertin sözlərinə görə, Azərbaycanın təbii sərvətləri içərisində meşə örtüyünün xüsusi yeri var: “Digər təbii komplekslərlə müqayisədə respublikamızın meşələri insanın müdaxiləsinə daha çox məruz qalır. Meşəni məhv etmək olmaz. Daha düşünmürlər ki, meşə külək, nəmişlik, yağış yaradır”.
Günel CƏLİLOVA