Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...
Azər Həsrət: "Bir tərəfdən Tramp deyir dünyanın başqa yerlərində bizim işimiz yoxdur, digər tərəfdən isə deyir ki, Amerikanı böyük edəcəyik"
Bütün dünya Donald Trampın səlahiyyətlərini icra etməyə başlayacağı 20 yanvar tarixini həyəcanla gözləyir. Çünki bu qeyri-standart siyasətçidən çoxlarının gözləntisi var. Bu tarixdən bir çoxları ümid, bir çoxları isə məhrumiyyətlər gözləyir.
Gözlənilməz qərarlar müəllifi kimi tanınan 47-ci Amerika prezidenti bütün güc mərkəzkərini hədələyir. Hətta müttəfiqi olan Avropanı belə cazalandıracağına söz verir.
Qərb diplomatik dairələrinin məlumatına görə, Tramp inauqurasiya günü ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq qərarını açıqlayacaq, Panama kanalını yenidən Panama dövlətinin əlindən alacaq, Ukraynaya hərbi yardımdan imtina edəcək, Avropanın polad və alüminiumuna 25 faiz gömrük rüsumu qoyacaq. O, bütün bunları həyata keçirsə, dünya necə olacaq və bu mümkündürmü?
Baki-xeber.com saytının suallarına cavab olaraq siyasi şərhçi Azər Həsrət bildirdi ki, Donald Trampın qeyri-adi çıxışları və gedişləri, əlbəttə, dünyada fərqli mənzərə yarada bilər: "Biz bunu gözləyirik. Açığını deyim ki, bəlkə də Suriya ilə baş verənlərdə də Donald Trampın hərəkətlərı, bəyanatları həlledici rol oynadı. Çünki o, Suriya məsələsinə və buna bənzər digər məsələlərə münasibət bildirərkən deyir ki, bizim ABŞ-dən kənarda işimiz yoxdur.
Bununla yanaşı, Trampın 2000-ci ildə qapadılmış Panama kanalı ilə bağlı məsələyə qayıtması və onu Amerika kanalı elan etməsi, əlbəttə, əlavə gərginliyə yol aça biləcək.
Ukraynaya yardımın dayandırilmasına gəlincə, fikrimizcə, gələn il atəşkəs rejiminin elan edilməsi mümkündür. Ukrayna ilə Rusiya arasında danışıqlar başlaya bilər. Amma birtərəfli qaydada Ukraynanın taleyin ümidinə buraxılacağı inandırıcı deyil. Yəni Ukrayna hazırda Azərbaycanın 1990-cı illərdəki taleyini yaşayır. Müharibə dayandırıla və tərəflər uzun sürən danışıqlar masasına oturdula bilər. Başqa sözlə desək, Qarabağ örnəyi Ukraynanın başında yenidən sınanıla bilər.
Lakin Avropanın alüminiumuna və ya poladına qoyulacaq vergilər bir qədər qeyri-ciddi səslənir. Çümki bir tərəfdən Tramp deyir dünyanın başqa yerlərində bizim işimiz yoxdur, digər tərəfdən isə deyir ki, Amerikanı böyük edəcəyik. Bu iki fikir bir-biri ilə ciddi ziddiyyət təşkil edir. Ona görə də proqnozlaşdırmaq bir qədər çətindir. Bu səbəbdən də Trampın nələr edəcəyi haqda indi proqnoz vermək bəlkə də mümkün deyil.
Amma onu demək olar ki, Trampın qəbul edəcəyi qərarların Azərbaycana mənfi təsirləri olmayacaq. Xatırlatmaq kifayətdir ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi məhz D. Trampın prezidentliyi dönəmində baş tutdu. Həmin vaxt Tramp administrasiyası Azərbaycana heç bir əngəl yaratmadı. O vaxt hakimiyyətdə Co Bayden adminstrasiyası olsaydı, yəqin ki, müəyyən problemlər yaşaya bilərdik. Ona görə də mən düşünürəm ki, Tramp bir tərəf üçün zərərli olsa da, digər tərəfə mənfəət gətirə bilər. Çox böyük ehtimal ki, Azərbaycan mənfəət götürənlərin sırasında yer alacaq.
Düşünürəm ki, 20 yanvardan sonra dünyanın mənzərəsi dəyişəcək, biz fərqli bir dünya müşahidə edəcəyik. Dünya nə qədər dəyişəcək, nə qədər fərqli olacaq, bunu zaman göstərəcək".
Dəniz NƏSİRLİ