Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...
Ötən seçkilərin sonucları və hökumətin birtərəfli qaydada Avropa İttifaqına üzvlüklə bağlı danışıqları ertələməsi Gürcüstanda etiraz nümayişləri doğurub. Ölkə prezidenti Salome Zurabişvili “Gürcü Arzusu”nu dekabrın 29-dək yeni seçki tarixini təyin etməyə çağırıb.
Zurabişvili Tiflisin Rustaveli küçəsində keçirilən mitinqdə çıxış edərkən milyarder, “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilini yeni seçki tarixi müəyyənləşdirmək üçün prezident sarayına dəvət edib: “İvanişvili saraya gəlməlidir. Mən oturub seçkilərin tarixinin neçə təyin olunması barədə düşünməyə hazıram. Seçkilərin tarixi dekabrın 29-dək təyin edilməlidir”. Qərb də prosesdə prezident və müxalifətə dəstək verir. ATƏT-in seçkilərlə bağlı yekun hesabatında bildirilib ki, çoxsaylı problemlər seçkiyə mənfi təsir göstərib və ictimai güvəni sarsıdıb. Bu ayın əvvəlində “Gürcü Arzusu” təmsilçisinin sayca çoxluqda olduğu Seçkilər Kollegiyası 53 yaşlı keçmiş futbolçu və sağçı populist Mixeil Kavelaşvilini Gürcüstanın növbəti prezidenti seçib. Onun andiçmə mərasimi dekabrın 29-da olmalıdır. İlin sonunda yetki müddəti bitən 72 yaşlı Zurabişvili prezident sarayından ayrılmaq niyyətində olmadığını bildirib. ABŞ və Böyük Britaniya jurnalistlərə, müxalifətçilərə və hökumət əleyhinə etirazçılara qarşı müvafiq tədbirlərə görə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə, onun müavinlərinə və digər yüksəkvəzifəli məmurlarına qarşı sanksiyalar qəbul edib. ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir: “Gürcüstanda seçkilərdən sonra Daxili İşlər Nazirliyinin əsas məmurları jurnalistlərin qəsdən hədəf alınması və zorakılıq işlətmək də daxil, öz xalqına qarşı sərt və qəddar repressiya aparıblar”. DİN-in xüsusi təyinatlılar departamenti rəhbərinin müavini Mirzə Kezevadze də sanksiyalara məruz qalanlar arasındadır. Bu departament qanunsuz etirazları dağıtmaq və nümayişçiləri etirazlardan çəkindirmək üçün qeyri-mütənasib zorakılığa əl atmaqda suçlanır. ABŞ Maliyyə Nazirliyinin bəyanatında qeyd edilir: “Qomelauri və Kezevadzenin ABŞ-ın yurisdiksiyasında olan aktivləri bloklanıb. Bu onların biznes əməliyyatları aparmasını əngəlləyəcək”.
Xatırladaq ki, ötən ay Gürcüstanın hakim partiyasının Avropa İttifaqına üzvlük danışıqlarını ertələmək qərarı ölkədə siyasi böhran doğurub. Hakimiyyət nümayişlərə sərt reaksiya verib. Son üç həftədə tərətdikləıri qanunsuzluqlara görə yüzlərlə insan saxlanılıb. Onu da qeyd edək ki, ötən ilin dekabrında Aİ-yə namizəd statusu qazansa da, Gürcüstanda xarici agentlər və cinsi azlıqlara dair Qərbin xoşuna gəlməyən mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanla Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib. Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim “Gürcü Arzusu” 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Buna rəmən ortaya hansısa sübut da qoyulmur. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib. Bu halda Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqını etirazçıları daha çox dəstəkləməyə və blokla danışıqlardan imtina edən “Gürcü Arzusu”na yeni seçkilər keçirilməsi üçün təzyiq göstərməyə çağırıb: “Avropa təzyiq rıçaqları tapmalıdır. Əgər Avropa 3.7 milyon əhalisi olan ölkəyə təsir edə bilmirsə, 21-ci əsrdə nəhəng ölkələrlə rəqabətə necə dözəcək?”. Aİ xarici işlər nazirləri bir neçə gürcü məmuruna qarşı viza məhdudiyyətləri tətbiq etməyə razılaşsa da, Macarıstan və Slovakiya sanksiyalar paketini bloklayıb. Zurabişvili deyir: “Gürcülər gecə-gündüz mübarizə apardığı bir vaxtda avropalılar gec oyanır və gec reaksiya verir”. Gürcüstan parlamentində “Xalqın Gücü” Partiyasının deputatı Eka Sepaşvili bildirir ki, Salome Zurabişviliyə xaricdən növbədənkənar seçkilər təyin etmək göstərişi verilib, amma onun bu cəhdi baş tutmayacaq. Deputat Salome Zurabişvilinin Gürcüstanda dekabrın 29-dək növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı bəyanatını tənqid edib. Bildirib ki, Zurabişvili real deyil, paralel bir dünyada yaşayır: “Görünür o, xaricdən ciddi göstəriş alıb ki, növbədənkənar seçkilər təyin etsin və bu istiqamətdə çalışır. Lakin onun bu cəhdi baş tutmayacaq. Təəssüf ki, Gürcüstan tarixində ilk dəfədir ki, Konstitusiyanı pozan, qanunlara tabe olmayan və xalqın iradəsini nəzərə almayan belə bir prezidentimiz var. O, xarici aktorların tapşırıqlarını öz ölkəsinin maraqlarından üstün tutur”. Onun sözlərinə görə, Zurabişvilinin bəyanatlarını kimsə ciddi qəbul etmir. Onun açıqlamaları heç bir hüquqi və siyasi reallığa əsaslanmır. O, konstitusiyanı bir kənara ataraq, öz şəxsi maraqlarını üstün tutur. Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani isə qeyd edir ki, Gürcüstanda keçirilən hökumət əleyhinə aksiyaların arxasında amerikalı milyarder Corc Sorosun yaratdığı Soros fondu dayanır: “Amerikalı milyarder Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fondunun binasında təşkilatçılar və fəalların görüşləri keçirilir. Ofisdəki fəallara lazımi simvollar - Gürcüstan, Aİ, ABŞ bayraqları, vərəqələr və plakatlar verilir. Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Soros və onun fondunun qadağan edilib-edilməməsi ilə bağlı sorğu keçirərkən, Soros fondu Gürcüstanda hökumət əleyhinə etirazlar təşkil edir”. Bundan əvvəl rəsmi Tiflis Soros Açıq Cəmiyyət Fondunu Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşı aparılan kampaniyada birbaşa iştirakda ittiham etmişdi.
Nahid SALAYEV