Sülhə gedən yolda Ermənistanın törətdiyi təxribatlar - “Bu perspektivsiz bir yoldur”
Azərbaycanla Ermənistan arasında sülhlə bağlı danışıqların getdiyi zamanda Ermənistanın həm şərti sərhədlərin yaxınlığında, həm beynəlxalq arenada təxribatlar törətdiyinin şahidi oluruq. Bununla yanaşı bəzi Avropa ölkələri də Ermənistanın bu təxribatçı addımlarına dəstək verir. Bəs görəsən Ermənistanın bu təxribatları nə ilə nəticələnə bilər?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, sərhəd təxribatları Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan böhtan kampaniyaları ilə eyni vaxtda baş verir. “Keçən ilin sentyabr ayında Xankəndi ermənilərini özləri ərazidən çıxarmaqla adını “etnik təmizləmə” qoymağa cəhd göstərdilər, lakin bu alınmadı. Bütün dünya gördü ki, Azərbaycan Ordusu müstəsna olaraq terror məntəqələrini hədəfə almışdı və yerli əhaliyə Qarabağda qalıb yaşamağı təklif edirdi. İndi isə yeni bir hiylə qururlar. Bir tərəfdən, beynəlxalq platformalarda guya Azərbaycanın Ermənistan üzərinə hücuma keçməyə hazırlaşması haqqında yalan məlumatlar tirajlanır, digər tərəfdən özləri sərhəd bölgəsində əsgərlərimizi təxribata çəkirlər. Məqsəd növbəti dəfə sabitliyi pozmaq və erməniləri cəfakeş, əzilən və döyülən xalq obrazında təqdim etməklə Qərb dövlətlərinin diqqətini özünə çəkmək və həm də onlardan hər hansı yardım almaqdan ibarətdir. Ermənilər eyni zamanda Azərbaycanı təcavüzkar ölkə kimi qələmə vermək və bu yolla özünə Avropanın təhlükəsizlik çətiri altında yer almağa çalışırlar. Lakin bu perspektivsiz bir yoldur. Həqiqət çox sadədir. Ermənilər Cənubi Qafqazda sülh şəraitində yaşamaq istəyirlərsə ilk növbədə qonşu dövlətlərlə münasibətlərini düzgün tənzimləməlidirlər. Bölgə daxilində sülh olmayacaqsa kınar qüvvələr burada heç kimin təhlükəsizliyinə zəmanət verə bilməzlər”.
Deputat deyib ki, ermənilər digər dövlətlərin siyasətində əsrlər boyu məhz maşa rolunda olublar.
“Onlar həmişə böyük güc sahiblərinin əlaltıları kimi fəaliyyət göstərməklə özləri üçün nə isə yeni bir şey əldə etməyə çalışıblar. 1918-ci ildə ilk erməni dövlətinin yaranması da məhz belə bir şərəfsiz xidmətin müqabilində böyük güclər tərəfindən onlara verilmiş hədiyyə idi. 1-ci Dünya müharibəsinin gedişində Rusiya, Fransa və Böyük Britaniya erməniləri Osmanlıya qarşı istifadə etmişdilər. Tarix təkrar olunur. Bu dəfə Qərb Ermənistanı Rusiyaya qarşı öz mübarizəsində istifadə etməyə çalışır. Ermənistan da növbəti dəfə xəyanət missiyasını öz üzərinə götürməyə hazır görünür. Ermənilər bu dəfə vaxtilə onları Cənubi Qafqaza köçürmüş və onlara dövlət yaratmış Rusiyaya qarşı Qərb dövlətlərinə xidmət etməyə hazırlaşırlar. Bunun nəticəsi nə ola bilər, bu hələ o qədər də aydın deyil. Amma atalar demişkən, “su çanağı suda sınar”. Ermənistan bu kimi xəyanət planları ilə sadəcə kağız üzərində qalan formal dövlətçiliyini də itirə bilər”.