Azadlığının, qurtuluşunun, istiqlalının ildönümü mübarək, BAKI!!!...
Dünən sentyabrın 14-də İngiltərə kəşfiyyatı M-6-nın şefi Mur da Bakıya gəlmişdi. Gün gələcək, adi olmayan bu gəlişin əsil səbəbini biləcəyik.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Necə ki, 1901-ci ildə Bakıda "neft bumu" yeni başlayanda ingilis ləşfiyyatçısı Sidney Reylinin gizli şəkildə Bakıya gəlişi on illər sonra açıldı. Necə ki, 1918-ci ilin 6 avqustunda daşnak-menşevik qruplaşmasının ingilis generalı Denstervili Ənzəlidən Bakıya çağıraraq şəhərimizi onlara təslim etdikləri 100 il sonra açıldı. Necə ki, ingilis-fransız aviasiyasının 1940-cı ilin 10 iyununda, yəni Hitlerin SSRİ-yə hücumundan qabaq Suriyadakı aerodromlardan qalxaraq Bakının bombardman edilməsi üçün qurduqları "Şuka" planı 60-80 ildən sonra açıldı. Bunları niyə yazdım?
Bu gün Azərbaycanı daha qüdrətli və daha güclü müstəqil dövlətə çevirmək üçün hər kəsin öz vətəndaşlıq borcunu, məsuliyyətini unutmaması üçün yazdım... Nə qədər ki, qüdrətli dövlət olacağıq, Bakıya kim gəlir, gəlsin, təhlükə olmayacaq...
Tarix15 sentyabr, 1918-ci il... Bu qurtuluşa qədərki 3 ayda sən nələr görmədin, Bakı?! Mayın 28-də Tiflisdə ADR elan olunmuşdu. Bakıda daşnak-bolşevik hökuməti əsil xaos və qətliam mühiti yaratmışdı. Ermənilər Bakını Sentrokaspi diktaturasına satmışdılar. Eşidəndə ki, ADR hökuməti Azərbaycana köçmək istəyir, Sentrokaspi diktaturasında söz sahibi olan daşnakların da fəal iştirakı ilə Ənzəlidəki ingilis qoşunları general Denstervilin başçılığı ilə avqustun 6-da Bakıya çağırıldı. Hətta avqustun 19-da İranın Qacarlardan olan son şahi Əhməd şah da qatarla Bakıya gəlmişdi. Hamı neft iyinə gəlirdi. Erməni daşnak qüvvələri Bakını qırıb qurtarmaq, Bakı neftini qurmağa hazırlaşdıqları erməni dövlətinin istifadəsinə verməyə çalışırdılar. Elə buna görə, gah rus çarının ordusunda, gah Leninin bolşevik ordusunda, gah Sentrokaspi hökumətində, gah da ingilis Denstervilin ordusunda peyda olurdular...
Son - 15 sentyabr 1918-ci ildə Nuru paşanın Qafqaz İslam ordusu ADR ordusu ilə birlikdə Bakıya daxil olaraq paytaxtımızı bu 3 aylıq xaos və fəlakətdən qurtardı...
Lakin qabaqda yeni fəlakətlər var idi...
Tahir TAĞIYEV