Paşinyan Tavuş sakinlərinə müharibə xəbərdarlığı etdi - Nələrin olacağını bilirəm...
İrəvan Bakı ilə delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina edərsə, həftənin sonunadək müharibə başlaya bilər.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş sakinləri ilə görüşdə deyib.
"Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və demarkasiyanın olmayacağını demək olar, lakin bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında görüşəndə siz deyəcəksiniz: "Yaxşı, biz sadə kəndlilər idik, bizim məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz", - Paşinyan deyib.
Bundan başqa, Paşinyan Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin praktik mərhələyə daxil olduğunu bildirib.
"Bu proses o deməkdir ki, Ermənistan sərhədinin haradan keçdiyini yerində dəqiqləşdirmək lazımdır. Biz, bizim komissiyalarımız Ermənistanın haradan başladığını yerində müəyyən etməliyik və bu, sərhəd olmalıdır", - deyə baş nazir əlavə edib.
Xatırladaq ki, 7 mart tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.