Yunan-erməni birliyi Azərbaycana qarşı “dron müharibəsi” hazırlığına başladı...
Əli Orucov: “Yunanıstan müdafiə nazirinin məlum açıqlamaları regionda sülhə xidmət etmir”
Afina Qarabağ münaqişəsindən çıxarılan dərsləri nəzərə alaraq, İrəvanla əməkdaşlıq edəcək. Bu sözləri Yunanıstanın müdafiə naziri Nikos Dendias “Naftemporiki” qəzetinə müsahibəsində deyib.
Nazirin fikrincə, dronlar və əks-dron sistemlərindəki texnoloji inkişafın qlobal miqyasda müharibə aparma tərzimizi dəyişdiyini inkar etmək olmaz: “Bu yaxınlarda Ermənistana səfərim zamanı onların müasir döyüş meydanında istifadəsi haqqında ətraflı öyrəndim. Nəzərinizə çatdırım ki, bu ölkə, silahlı qüvvələr kütləvi şəkildə pilotsuz təyyarələrdən, o cümlədən “Bayraqdar”dan istifadə edən bir ordunun hücumuna məruz qalmış ölkədir. Eyni səbəbdən biz Ermənistanla ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişləri çərçivəsində və Qarabağdakı münaqişədən əldə edilmiş dərsləri nəzərə alaraq əməkdaşlıq edəcəyik”.
Azərbaycan qazını alan Yunanıstan Ermənistanla hərbi əməkdaşlığını nümayişkaranə şəkildə inkişaf etdirir. Üstəlik, siyasi münasibətlər gözlənilmədən həyasız açıqlamalar da verirlər.
“Bu o deməkdir ki, Afina Ermənistana müasir anti-dron sistemlərinin verilməsində yardım edəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, Yunanıstanla Ermənistanın hərbi sahədə əməkdaşlığı əsla təəccüblə qarşılanmamalıdır: “Ona görə ki, yunanlarla erməniləri birləşdirən amil türk düşmənçiliyidir. O üzdən, biz heç vaxt bunu nəzərdən qaçırmamalıyıq. Tarixi nöqteyi-nəzərdən bu hər zaman belə olub. Baxmayaraq ki, Azərbaycan Yunanıstana qaz ixrac edir. Bu səbəbdən Yunanıstanın Rusiyadan asılılığı azalıb. Baxmayaraq ki, TAP boru kəmərinə vurulan qaz Yunanıstan ərazisindən keçir. Bunların heç biri Yunanıstanın Ermənistana olan münasibətini dəyişmir. Yunanıstan müdafiə nazirinin məlum açıqlamaları regionda sülhə xidmət etmir. Tam əksinə, regionda gərginlik yaratmaq məqsədi güdür. Ermənistana səfər etmələri azmış kimi, Nikos Dendias provokativ açıqlamalarla çıxış edir. Bu o deməkdir ki, Afina Ermənistana müasir anti-dron sistemlərinin verilməsində yardım edəcək. İki ölkə arasında təcrübə mübadiləsi aparılacaq. Təbii ki, Yunanıstan-Ermənistan hərbi əməkdaşlığı balansı İrəvanın xeyrinə dəyişə bilməyəcək. Ən azından ona görə ki, Azərbaycanın malik olduğu resurslar, hərbi vasitələr Ermənistanla müqayisədə qat-qat üstündür. Söhbət ondan gedir ki, Afina Azərbaycanın enerji təminatını, Avropaya verdiyi töhfəni nəzərə almadan bu addımları atır. Özü də Azərbaycandan qaz idxal edən ölkələrdən biri də Yunanıstandır. Bu baxımdan hesab edirəm ki, diplomatik müstəvidə bu yöndə Yunanıstana iradlar bildirilməlidir”.
Vidadi ORDAHALLI