Paşinyan demokratiya reytinqindən “2” aldı - baş nazir dünyanı aldadır...
Qulamhüseyn Əlibəyli: “Paşinyanın demokratik olub-olmaması onları elə də maraqlandırmır”
Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan erməni mediasına verdiyi açıqlamalarda baş nazir Nikol Paşinyanı sərt tənqid edib. O bildirib ki, Ermənistanın “demokratikləşməsi” blefdir və bunu ölkənin sadə vətəndaşları ilə yanaşı, Paşinyanın sponsorları da yaxşı bilir.
“Ermənistanda hakimiyyətə qulluq edən medianın “demokratiya” haqqında boş sözləri ilə yanaşı, beynəlxalq strukturlar da ölkəmizdəki vəziyyətlə bağlı hesabatlar tərtib edirlər. EIU institutunun “Democracy Index” hesabatını və İngiltərənin nüfuzlu “The Economist” nəşrinin analitik mərkəzinin məqaləsini misal çəkmək istəyirəm. Paşinyan hakimiyyətinin “demokratiya” haqqında sayıqlamalarına baxmayaraq, Ermənistan bu hesabatlarda “hibrid rejim” kateqoriyasına daxil edilib. Belə ki, ölkədə qanunun aliliyi çox zəif təmin edilir, korrupsiya isə gündən-günə “çiçəklənir”. Vətəndaş cəmiyyəti də olduqca zəifdir, məhkəmə hakimiyyəti müstəqil deyil, jurnalistlər təzyiq altındadır. Bu, Nikolun “demokratiyasının” real mənzərəsidir”. - Armen Aşotyan bildirib.
Görünən odur ki, beynəlxalq demokratiya reytinq nəşrləri Paşinyanın demokratiyasına 2 yazdı. Bu, Paşinyanın Qərblə münasibətlərinə necə təsir edəcək? Faktiki, Paşinyan Qərbi aldadır, bəs onlar yalanı sevmədiklərini deyir axı...
“Onları maraqlandıran odur ki, Ermənistan bu gün Qərbin maraqlarının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Qərb ölkələrinin Ermənistana maraqları demokratiya, insan haqları, qanunun aliliyi kimi dəyərlərə əsaslanmır: “Qərb ölkələri əsasən geosiyasi maraqlardan, özlərinin sırf regional maraqlarından irəli gələn məsələlərlə əlaqədar Ermənistana daha çox maraq göstərirlər. Qərb ölkələrini demokratiya, insan hüquqları və digər məsələlər maraqlandırsaydı, indiyə qədər 30 il müddətində Ermənistanın ərazilərimizi işğal etməsinə müəyyən etiraz etmiş olardılar. Ən azından bir təəssüf hissi keçirərdilər. Ancaq tam əksinə, Qərb çalışır ki, daim Azərnaycanı bir növ Ermənistanın işğalı ilə barışdırmış olsunlar. Azərbaycan Ermənistanın işğal fəaliyyətini aradan götürdükdə isə, ölkəmizə qarşı müəyyən basqılar işə düşür. Bu, Qərbin özünün geosiyasi maraqlarından irəli gələn məsələdir. Ona görə də Paşinyanın demokratik olub-olmaması onları elə də maraqlandırmır. O cümlədən, orada demokratiyanın olub-olmaması onları o dərəcədə maraqlandırmır. Onları maraqlandıran odur ki, Ermənistan bu gün Qərbin maraqlarının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Rusiyanın regiondan sıxışdırıb çıxarılması ilə bağlı Qərb ölkələrinin fəaliyyətini dəstəkləyir. Rusiyaya qarşı ikinci cəbhənin Ermənistandan açılması barəsində müəyyən mesajlar vermiş olur. Ona görə də Qərb ölkələri artıq öz xarici siyasətini ümumi qəbul olunmuş bəşəri dəyərlərdən çox, geosiyasi maraqlara uyğunlaşdırırlar. O baxımdan hesab edirəm ki, Ermənistanda növbəti nöqsanların aşkarlanması, müəyyən yazıların getməsi Qərbin Ermənistana münasibətinə ciddi təsir göstərməyəcək. Onlar Ermənistanla bağlı hər şeyə göz yumurlar. Təki maraqlarını təmin etsinlər”.
Vidadi ORDAHALLI