Deputatlar müşkül məsələnin həllinə girişdilər - vahid formada məzar...
Cəmşid Əliyev: “Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır”
İnsan dünyasını dəyişdikdən sonra onun məzarının daş, mərmər və ya hər hansı materialdan olması ölən üçün heç bir əhəmiyyət daşımır. Bəzən məzarlıqlarda ev kimi bəzədilmiş, hündür, 5-6 məzar yerini əhatə edən məzarlara rast gəlirik.
Bəzən isə, məzarların üzərində dünyasını dəyişmiş insanın heykəlini elə bir formada düzəldirlər ki, sanki dilə gəlib səninlə danışacaq.
Təmtəraqlı məzarların, qəbir daşlarının vahid forma ilə əvəz olunması uzun müddətdir ki, müzakirə olunur. Milli Məclisin ötən iclasında, kimliyindən asılı olmayaraq, hər kəsin qəbrinin eyni formada və vahid qiymətdə olacağı müzakirə edilib. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək.
“Bu təşəbbüs müsbət dəyərləndirilməlidir, qanun qəbul edilsə, hamı məcburən o standartlara əməl edəcək”
İlahiyyatçı Cəmşid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır. Bu, dini baxımdan da belə tövsiyə edilir: “Bahalı başdaşı kimə lazımdır ki? Amma bəzən insanlar başqalarına görə bahalı başdaşı seçirlər. İslam dinində isə, insan öldükdən sonra yuyulmalı, kəfənlənməli, cənazə namazı qılınmalı və dəfn edilməlidir. Qeyd edilmir ki, həmin şəxs üçün abidə ucaldılsın. Bu, israfçılıq hesab edilir”.
Ilahiyyatçı hesab edir ki, bu təşəbbüs müsbət dəyərləndirilməlidir: “Qanun qəbul edilsə, hamı məcburən o standartlara əməl edəcək. Onu da deyim ki, bahalı qəbir daşlarını çox imkanlı şəxslər və valideynlərinə sağlığında dəyər verməyən insanlar qoydurur. Ölüm elə bir prosesdir ki, insanın içində, ürəyində elə bil ki, nəsə bir tel qırılır. Sağlığında valideynlərini qocalar evinə atanlar öldükdən sonra onun üçün bahalı məzar daşı qoyurlar. Hansı ki, sağlığında həmin valideynlərinə bir qab yemək belə vermirlər. Bu, vicdanı rahatlatmaq üçün atılan bir addımdır. Çox zaman varlı insanlar kasıblardan fərqlənmək üçün bahalı başdaşı sifariş etdirirlər. Yəni onlar məzarlarına kimsə baxarsa “rəhmətlik varlı olub” düşüncəsi yaratmaq istəyirlər”.
Həmsöhbətimizin fikrincə, məzarlarla bağlı müəyyən standartlar olmalı, məzar daşları standartlara cavab verməlidir. Hər hansı fərq nəzərə çarpmamalıdır.
Günel CƏLİLOVA