Biləcərinin yolları elə gündədir ki, taksilər də getmir...
Elxan Əliyev: “Bakıətrafı kənd və qəsəbələrin çoxunda məhəllədaxili yollar bərbad vəziyyətdədir”
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlər yolların bərbad vəziyyətindən narazılıq edir. Söhbət Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 6 ünvanından gedir.
Sakinlər bildirir ki, qeyd edilən ünvanda məhəllədaxili yollar keçilməz haldadır: “Yollarda nə asfalt örtüyü var, nə yol kənarında işıq dirəyi var. Uşaqlar qışda məktəbə gedə bilmirlər. Problem bununla da bitmir. Bu yollarda nəqliyyat vasitələri də çətinliklə hərəkət edir. Sözün əsl mənasında bu əraziyə baxan bir nəfər şəxs, bir aidiyyəti qurum yoxdur. Dəfələrlə şikayət etmişik, sakinlər arasında imza toplayıb məktub yazmışıq, amma aidiyyəti qurumlardan şikayətimizə baxan olmayıb”.
“Azərbaycanın əksər ətraf qəsəbə və kənd yollarında təmir-bərpa işlərinin aparılmasına ciddi ehtiyac var”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Bakıətrafı kənd və qəsəbələrin çoxunda məhəllədaxili yollar bərbad vəziyyətdədir: “Yağış yağan kimi yolların bir çoxu su altında qalır, palçıq əlindən tərpənmək olmur. Uşaqlar məktəbə gedə bilmirlər. Yay aylarında da toz əlindən tərpənmək olmur. O dərəcədə ciddi problemlər var. Bəzi qurumlar məhəllədaxili yolların vəziyyətini görməzdən gəlir. Bu danılmaz faktdır. Yollar kimin mülkiyyətindədirsə, onlar təmir etməlidir. Bələdiyyə mülkiyyətidirsə, o zaman həmin qurum bunu etməlidir. Dövlət əhəmiyyətli yoldursa, o zaman dövlət bu işi görməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanın əksər ətraf qəsəbə və kənd yollarında təmir-bərpa işlərinin aparılmasına ciddi ehtiyac var. Çünki yol infrastrukturunun inkişafı iqtisadi inkişafın təmin edilməsinin başlıca şərtlərindən biridir: “Hökumət ölkədə iqtisadi inkişafı təmin etmək, iqtisadiyyatın ayrı-ayrı sektorlarını dirçəltmək istəyirsə yol infrastrukturunun inkişafına ciddi diqqət yetirməlidir. Yollar çəkilmədən, təmir olunmadan nə turizmi, nə sənayeni, nə də kənd təsərrüfatını inkişaf etdirmək mümkündür. İqtisadiyyatın inkişafı yolların təmir olunmasından keçir”.
Günel CƏLİLOVA