Medianın 7 fevral proseslərində iştirakı dünyadan belə qiymətlər alır...
Aqil Ələsgər: “Azərbaycan mediası bu seçki prosesində özünün nümunəvi fəaliyyəti ilə beynəlxalq müşahidəçilərin də diqqətini cəlb edib”
“Seçkilərin demokratik keçirilməsinin əsas şərtlərindən biri də medianın fəaliyyətinə yaradılan şəraitdir. Azərbaycan bu prinsiplərə əməl edən ölkələr arasındadır. Sizin ölkənizdə medianın seçki prosesində iştirakı beynəlxalq standartlara uyğun şəkildə təmin olunur”. Bunu secki-2024.az saytına açıqlamasında Küveytin “Al-seyassah” qəzetinin köşə yazarı və media məsləhətçisi Abdulrahman Al Ajmi deyib.
Azərbaycanda seçki ilə bağlı prosesləri izləyən küveytli jurnalist qeyd edib ki, seçkilərdə onun üçün ən maraqlı məqam medianın fəaliyyətinin necə tənzimlənməsidir: “Azərbaycanın təcrübəsi olduqca müsbətdir. Seçkiqabağı təşviqat kampaniyasında media həm ödənişsiz, həm də ödənişli əsaslarla namizədlərə yer verir. Bu, mükəmməl yanaşmadır, namizədlər arasında heç bir fərqin qoyulmaması, bərabərliyin təmin edilməsi vacib amillərdəndir. Eyni zamanda, Mərkəzi Seçki Komissiyası mediaya olduqca açıqdır. Bu isə ictimaiyyətin informasiya ilə təmin edilməsində problemin yaşanmasının qarşısını alır. Seçki günü jurnalistlərin səsvermə prosesini yaxından izləməsi, hətta səslərin sayılmasında iştirak etmək imkanının olması həqiqətən də beynəlxalq səviyyədə örnək kimi qəbul edilə bilər”.
Abdulrahman Al Ajmi vurğulayıb ki, kənardan obyektiv şəkildə baxdıqda, Azərbaycanın demokratik ənənələrə sahib ölkə olduğu daha aydın görünür: “Fikrimcə, 7 fevral prezident seçkiləri demokratik seçki ənənəsini bir daha nümayiş etdirəcək”.
“Azərbaycanın seçki təcrübəsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir”
“Yeni çağ” media qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər “Bakı-Xəbər”ə şərhində “Artıq Azərbaycan 30 ildir ki, seçki təcrübəsinə malikdir. Seçki təcrübəsi ildən-ilə daha da təkmilləşir, inkişaf daha da artır. Azərbaycanın seçki təcrübəsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Bu gün seçki prosesində həm jurnalistlərin aktiv iştirak etməsi, həm seçki qanunvericiliyinə ciddi şəkildə əməl olunması bizim üçün normal haldır. Azərbaycanda jurnalistlərin, medianın seçki prosesində iştirakına geniş şərait yaradılması təbii qarşılanmalıdır. Biz buna təbii yanaşırıq. Amma ərəb dövlətlərində yaşayanlar üçün doğrudan da bizim ölkədə keçirilən seçkini bir təcrübə hesab etmək olar. Onlar da bizim seçkilərdən öz ölkələri üçün çox ciddi şəkildə müəyyən məsələləri öyrənə bilərlər. Bizim seçki təcrübəmizin tətbiqi ərəb ölkələrinin də demokratikləşməsinə gətirib çıxara bilər. Bu baxımdan hesab edirəm ki, xarici müşahidəçilərin, xüsusilə də qeyd edildiyi kimi, ərəb mütəxəssislərinin, ekspertlərinin Azərbaycanda keçirilən seçki prosesini izləmələri onların özü üçün də çox vacibdir. Eyni zamanda qeyd etmək istərdim, Azərbaycandakı seçki təbliğatı, təşviqat prosesi göstərir ki, seşki prosesi hər il daha da inkişaf edir. Xüsusilə media savadlılığının artırılması, jurnalistlər üçün keçirilən seminarlar, konfransalar da bu sahədə öz sözünü deyir. Jurnalistlər də bu məsələlərdə daha peşəkar olmağa başlayıblar. Görünən odur ki, Azərbaycan mediası bu seçki prosesində özünün nümunəvi fəaliyyəti ilə beynəlxalq müşahidəçilərin də diqqətini cəlb edib” - deyə qeyd etdi.
İradə SARIYEVA