Ukrayna ordusunda 40 milyon dollarlıq korrupsiya qalmaqalı - yüksək rütbəli 5 məmur həbs edildi...
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ukrayna Müdafiə Nazirliyinin ötən il bağladığı 40 milyon dollarlıq silah sazişində korrupsiya faktı aşkarlayıb. SBU-dan verilən açıqlamada, məsələ ilə bağlı 5 yüksək rütbəli nazirlik rəsmisi və silah tədarükçüsünə qarşı cinayət işi açıldığı bildirilib.
İddialara görə, Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri 2022-ci ilin avqustunda 100 min minaatan mərmisinin alınması ilə bağlı müqavilə imzalayıb. Razılaşmadan sonra ödəniş əvvəlcədən həyata keçirilib və pulun bir hissəsi dərhal xaricə köçürülüb. Lakin bunun müqabilində alınması planlaşdırılan minaatan mərmilər heç vaxt Ukrayna ordusuna çatdırılmayıb.
SBU-nun açıqlamasına görə, mənimsəmədə Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslərin və müvafiq şirkət rəhbərlərinin əli olub.
Qeyd edilir ki, şübhəlilərdən biri Ukraynadan qaçmaq istəyərkən saxlanılıb. Sözügedən pula həbs qoyulduğu və müdafiə büdcəsinə əlavə ediləcəyi bildirilib.
Tahir TAĞIYEV