Ermənistana ölkə əhalisi qədər turist gəlib - bu boyda fantaziya?..
Akif Nağı: “Ermənistan öz adətlərinə uyğun olaraq rəqəmləri 10 dəfə artıq saxtalaşdırır”
2023-cü ilin yanvar-sentyabr aylarında Ermənistana səfər edən xarici turistlərin sayı 1 milyon 839 min 404 nəfər təşkil edib. Ermənistan Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 48,4% artıb.
Məlumatda qeyd edilir ki, Ermənistana ən çox turist Rusiya, Gürcüstan və İrandan gəlib. Ancaq danılmaz faktdır ki, müharibədə qalib olmayan bir ölkə turistlər üçün diqqətçəkən bir yer olmur. Ekspertlər də hesab edir ki, Ermənistan hökuməti bilərəkdən şişirdilmiş məlumat yayır ki, guya bu ölkənin iqtisadiyyatı inkişaf edir.
“Turizmin inkişafı üzrə beynəlxalq qurumların açıqladığı hesabatlarda Ermənistana turist axını ilə bağlı məlumat yoxdur”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan öz adətlərinə uyğun olaraq rəqəmləri 10 dəfə artıq saxtalaşdırır: “Tarixən ermənilər uydurma məlumat yaymaqla məşğul olub. Günü bu gün də öz əməllərindən əl çəkmirlər. Ermənilər indi də turistlərlə bağlı yanlış informasiya yayır ki, beynəlxalq ictimaiyyətin diqqəti yayınsın. Guya tursitlər maraqla, həvəslə Ermənista gedir. Danılmaz faktdır ki, Ermənistan turizm sektoru o qədər də inkişaf etməyib. Həmçinin, ora gediş-gəliş elə asan deyil. Hər kəs bilir ki, Ermənistan iqtisadiyyatı yarımcan vəziyyətindədir. Erməni iqtisadçıları, ekspertləri dəfələrlə ölkə iqtisadiyyatının durumunun bərbad halda olduğunu bildirib. Buna baxmayaraq, Ermənistan rəsmi qurumları hər şeyi şişirdilmiş vəziyyətdə təqdim edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, turistik baxımdan da Ermənistan cəlbedici ölkə deyil. Turistlərin diqqətini cəlb edən yerlər yox səviyyəsindədir. Həmin ölkənin iqtisadiyyatı günü-gündən zəifləyir, siyasi gərginlik yaşanır. Ümumiyyətlə, turistlər iqtisadiyyatı zəif, siyasi qarşıdurma olan yerlərə üz tutmur: “Onu da deyim ki, turizmin inkişafı üzrə beynəlxalq qurumların açıqladığı hesabatlarda Ermənistana turist axını ilə bağlı məlumat yoxdur”.
Günel CƏLİLOVA