Ermənistan mediası baş revanşistin müdafiəsinə qalxıb - hardadır "Freedom House"lar?..
Azər Həsrət: “Bir qayda olaraq, Qərbdəki insan haqları təşkilatları Ermənistanda olan bu cür hallara göz yumurlar”
Ermənistanda fəaliyyət göstərən jurnalist təşkilatları erməni katolikosunun Yeni il müraciətinin İctimai Televiziyada yayımlanmaması ilə bağlı birgə bəyanat yayıblar. Etiraz bəyanatında deyilir:
“Dekabrın 31-də İctimai Televiziyanın Birinci Kanalının Yeni il verilişində bütün ermənilərin katolikosu həzrətlərinin müraciəti qurulmuş ənənəyə zidd olaraq yayımlanmayıb. Bu fakt bayram günlərində ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib.
Biz, aşağıda imzası olan jurnalist təşkilatları hesab edirik ki, az qala dövlət protokoluna çevrilmiş ənənələr yalnız ictimai rəyin öyrənilməsi və mümkün nəticələrin təhlili nəticəsində dəyişməlidir.
İctimai Yayım Şurasının mövqeyini nəzərə alaraq, Ermənistanda Yeni il mesajlarının yayımı ilə bağlı qanunvericilik tənzimləməsi yoxdur, ona görə də hər bir telekanal mesajların nə vaxt və hansı ardıcıllıqla yayımlanacağına özü qərar verir. Bi təkid edirik ki, birincisi, bu halda ictimai yayımçının “hər bir televiziya kanalı” ilə müəyyən edilməsi yersizdir və əlavə olaraq, Şura əvvəllər belə bir təşəbbüs göstərsə və ya elan etsə, mövzunu çoxtərəfli müzakirə predmetinə çevirsəydi, təqdim olunan arqument məqbul olardı”.
Bəyanatı aşağıda adları çəkilən jurnalist təşkilatları imzalayıb:
SÖZ AZADLIĞININ MÜDAFİƏSİ KOMİTƏSİ
İRƏVAN MƏTBUAT KLUBU
MEDİA TƏŞƏBBÜŞLƏRİ MƏRKƏZİ
İNFORMASİYA AZADLIĞI
ÇOXTƏRƏFLİ İNFORMASİYA İNSTİTUTU-ERMƏNİSTAN
İCTİMAİ JURNALİSTİKA KLUBU
“GƏLƏCƏYİN ADI ÜÇÜN JURNALİSTLƏR” QHT
“JURNALİSTLƏR İNSAN HAQLARI ÜÇÜN” QHT
GORUS PRESS KLUBU.
Bəllidir ki, erməni katolikosunun çıxışının məzmunu revanşist əhval-ruhiyyəlidir və sülh prosesini əngəlləməyə yönəlib. Belə olan təqdirdə, Ermənistandakı media təsisatları niyə belə təşəbbüsün müdafiəsinə qalxıb? Ən maraqlısı isə budur ki, bu təşkilatlara donorluq edən beynəlxalq insan haqları və jurnalist təşkilatları sülhə təhdid yaradan bu təşəbbüslə bağlı susqun mövqe nümayiş etdirir. Bunun səbəbi nə ilə bağlıdır?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, jurnalist təşkilatlarının belə bir bəyanatla çıxış etməsi anormallıqdır: “Hansısa katolikos çıxış edir və ya etmir, onun çıxışına imkan yaradılır, ya yox, bu, dövlətin öz işidir. Belə ənənəni ləğv ediblərsə, bunun jurnalist təşkilatlarına nə aidiyyəti var? Bu mövzu ətrafında ictimai müzakirələr gedə bilər. Vətəndaşlar bu məsələyə öz mövqelərini açıqlaya bilərlər. Jurnalist təşkilatları bu məsələdə tərəf tutmamalıdır. Bu baxımdan çox anormal bir məsələdir. Ermənistandakı jurnalist qurumları bu bəyanatı imzlamazdan əvvəl daha dərindən düşünməliydi. Üstəlik də nəzərə alınmalıydı ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsinin bağlanmasına çalışır, katolikos da bu cür təşəbbüsləri baltalamaqla məşğuldur. O, revanşist çağrışlar edir, sərt ritorika irəli sürür. Belə olan təqdirdə, əlbəttə ki, Ermənistan rəhbərliyi bundan imtina etməklə bağlı çox doğru qərar verib. Media qurumlarının belə adamın arxasında olması anormal təzahürdür. Jurnalist təşkilatları belə məsələlərlə məşğul olmamalıdır. Ermənistandakı jurnalist təşkilatlarının bu addımları beynəlxalq jurnalist qurumları tərəfindən də sərt qınanmalıdır. Jurnalist təşkilatları hər hansı dini liderin, sektanın sözçüsü rolunda çıxış etməməlidir. Buna reaksiya gözləməyə də dəyməz. Ola bilər ki, bayram tətili ilə bağlı bu məsələdən heç məlumatlı deyillər. Çünki qurumların çoxunda iş günü deyil. İkinci səbəbi isə budur ki, ermənilərlə bağlı məsələ olduğu üçün heç reaksiya verməyə meylli də olmayacaqlar. Bir qayda olaraq, Qərbdəki insan haqları təşkilatları Ermənistanda olan bu cür hallara göz yumurlar. Azərbaycanla bağlı məsələdə isə, əsas olmasa belə, üzərimizə gəlirlər. İstənilən halda bu, jurnalistika ilə bir araya sığmayan davranışdır”.
Məhəmmədəli QƏRİBLİ