7 fevral seçkisinin müşahidəçiliyinə beynəlxalq maraq genişlənir...
Məhərrəm Zülfüqarlı: “Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə beynəlxalq müşahidəçilərin ciddi maraq göstərməsi təbiidir”
Fevralın 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iclasında deyib.
M.Pənahov bildirib ki, bu müraciətlərin hamısı müsbət qarşılanıb. MSK sədri qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu (DTİHB) Prezident seçkilərində 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə 5 nəfər, MDB 9 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası artıq məlumatlar göndərib. Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsui icazəli YAP müşahidəçiləridir.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. MSK-nın yanvarın 6-da keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.
Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.
Azərbaycanda növbədənkənar prezident seçkilərini izləmək istəyən xarici mütəxəssislərin, təşkilatların sayı diqqət çəkir. Azərbaycanda keçiriləcək bu seçkiyə beynəlxalq marağın səbəbi nədir?
“...Fikrimcə, qeydiyyatdan keçən xarici müşahidəçilərin sayı daha da çox olacaq”
AVCİYA-nın seçki qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda keçirilən bütün seçkilər, xüsusən də prezident seçkiləri həm bölgədə, həm də beynəlxalq aləmdə çox ciddi şəkildə izlənilib. Budəfəki seçkinin Azərbaycanın bütün suveren ərazilərində keçirilməsinin bütün dünyada maraqla izlənildiyini deyən M.Zülfüqarlı “Azərbaycanda keçirilən bütün seçkiləri həm beynəlxalq, həm də yerli müşahidəçilər müşahidə ediblər. Bizim ölkədə keçirilən seçkilərə maraq hər zaman böyük olub. Növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün artıq həm yerli, həm də beynəlxalq müşahidəçilər qeydiyyatdan keçib. Bilirsiz ki, 2005-ci ilə qədər xaricdən maliyələşən QHT-lər müşahidəyə buraxılmırdı. Bilavasitə Prezidentin təşəbbüsü ilə qanun parlamentə qaytarıldı və indi istənilən sayda QHT müşahidəçilik edə bilər. MSK-nın təqdim etdiyi siyahıya baxdım. Həm ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosu (DTİHB), həm MDB-dən olan müşahidəçilər artıq qeydiyyatdan keçiblər. Eyni zamanda 200-dən çox QHT də müşahidəçi kimi akkreditasiyadan keçib. İndən sonra da qeydiyyatdan keçənlər olacaq, çünki hələ vaxt var. Növbədənkənar prezident seçkilərinə bir ay var və fikrimcə, qeydiyyatdan keçən xarici müşahidəçilərin sayı daha da çox olacaq”-deyə qeyd etdi.
M.Zülfüqarlı hesab edir ki, bütün beynəlxalq qurumlar Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə ciddi maraq göstərdiyi üçün başqa təşkilatların da nümayəndələrini qeydiyyatdan keçirəcəyi gözləniləndir. “Avropa Şurası, Avropa Birliyi bu müşahidədə iştirak edə bilər. Proses izlənilir və hesab edirəm ki, daha çox beynəlxalq təşkilatın nümayəndəsinin müşahidəçi qismində iştirak edəcək. Beynəlxalq müşahidəçilər seçkilərin demokratik olması imicinə yaxından dəstək verirlər. Bu baxımdan, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə beynəlxalq müşahidəçilərin ciddi maraq göstərməsi təbiidir. Azərbaycan dövləti ilk dəfə olaraq bütün suveren ərazilərində seçki keçirəcək və bu seçki də maraq doğurmaya bilməz”-deyə M.Zülfüqarlı bildirdi.
İradə SARIYEVA