"Zəfər günü Ermənistanı dövlət kimi məhv olmaq təhlükəsilə üz-üzə qoydu" - Yunus Oğuz
"Zəfər günü Azərbaycan xalqının tarixində unikal bir gündür. Çünki 300 ilə yaxın bir müddət idi ki, belə möhtəşəm qələbə əldə etməmişdik. Sonuncu dəfə Nadir Şahın qələbələrinə nağıl kimi baxmışıq. Zəfər günü isə faktiki olaraq müstəqil dövlətimizin ilk zəfəridir. Burada bir paralellik aparmaq istərdim: 1736-cı ildə Nadir şah Gəncədə Rus imperiyası ilə müqavilə bağladı.
Müqavilə ona görə bağlandı ki, rus əsgərləri l Pyotrun vaxtında Rəştə qədər gəlmişdilər. 1736-cı ildə isə bir güllə belə atmadan rus qoşunları silahları yerə qoymaq şərtilə Dərbənddən 200 kilometr o tərəfə çəkildilər. Təsəvvür edin ki, bu tarixdən sonra belə bir qələbəmiz olmamışdı. 44 günlük Vətən müharibəsinin nəticəsində eyni kapitulyasiya aktı imzalandı. Laçın, Ağdam, Kəlbəcər bir güllə atılmadan geri alındı. Halbuki müharibə davam etsəydi, çoxlu sayda şəhidimiz ola bilərdi. Mən Ağdamda olmuşam, orada beşqat müdafiə səngərləri qurulmuşdu. O sədləri keçmək kifayət qədər insan itkisi demək idi. Eynilə Laçın və Kəlbəcərin coğrafi relyefi ermənilərə imkan verəcəkdi ki, bizim daha çox şəhidimiz olsun. Amma bunların heç biri baş vermədi, ilk dəfə olaraq Azərbaycan öz ərazisində düşmənə qalib gəldi. 12 ildən sonra 300 il olacaq ki, Azərbaycan belə qələbə əldə etməmişdi. Bu baxımdan hesab edirəm ki, Zəfər Qələbəsi unikal bir qələbədir". Bunu "Olaylar" qəzeti və eyni adlı informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz deyib. Bildirib ki, bu qələbə xalqın qüruru olduğu üçün onun namusu bərpa olundu: "Söhbət milli namusdan getdiyindən demək olar ki, bu qələbə çox qürurvericidir. Fəxr edirik ki, bu dövrdə yaşamışıq. Bu həm müstəqillik dövrünə, həm də tarixi qələbəmizə aiddir. Təəssüflər olsun ki, Birinci Qarabağ savaşında biz müharibəyə hazır deyildik, ermənilərə isə bütün dünya kömək edirdi. Bizim bir milyon qaçqın və məcburi köçkünümüz var idi, amma heç kim bu faktı dilinə gətirmək istəmirdi. İndi Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağı Ermənistan pasportu ilə tərk edən erməilərdən ötrü bütün dünya qışqırır. Patrişev deyir ki, Ermənistanda heç 2 milyon erməni yaşamır. Ermənilər isə hadisələri ona görə şişirdirlər ki, dotasiya ala bilsinlər. Beynəlxalq təşkilatlar, erməni diasporu, erməni lobbisi bunlara pul ayrısın. Ona görə deyirlər ki, Qarabağı 100 min erməni tərk edib, ancaq onların hamısı keçid məntəqəsində qeydə alınıb, siyahıya salınıb, vaxt gələndə həmin siyahı ortaya çıxarılacaq. Ermənilər isə say artırmaqla ayrılan pulların həcmini artırmaq istəyirlər. Təsəvvür edin ki, Qarabağda ermənilərə ildə bir milyarda qədər vəsait gedirdi. Ona görə də heç biri işləmirdi, qoyub-qaçdıqları hansı evi açırlar yeyib-içmək çıxır. Belə çıxır ki, onlar qətiyyən işləməyiblər, ancaq xaricdən gələn pulların hesabına yeyib-içiblər. Yalnız təbii sərvətlərimizi, mədənlərimizi istismar etməklə məşğul olublar. Ərazidə olan qızıl və digər mədənləri istismar ediblər, konyak, çaxır istehsal ediblər. Qalan heç bir işlə məşğul olmayıblar, indi bunların hamısı əllərindən alınıb".
O, əlavə edib ki, indi çoxları Zəfər Gününün mahiyyətini anlamaq istəmir: "Bəziləri anlayır, lakin inanmır ki, Azərbaycan Feniks quşu kimi külün içindən çıxıb, belə bir Ordu yarada bilər. Amma Ordunu yaradan oğullar var idi ki, onlar hər şeyi görür, hər şeyi ölçüb-biçirdilər. Bax, Zəfər Günü Azərbaycan o külün içindən təzədən qalxdı. Təkcə buna görə, Zəfər qələbəsilə qürur duyulmalıdır. Əksini fikirləşənlər isə trollar, beşinci kolonlardır. Onların pulları kəsilir axı, deyirlər ki, siz necə təbliğat aparmısız ki, Azərbaycan torpaqlarını geri ala-ala gedir, indi də Zəngəzur dəhlizindən keçmək istəyir. Azərbaycan dövlətinin Zəngəzur dəhlizi ilə bağlı bir neçə alternativ variantı var. Biri ilə bağlı artıq müqavilə bağlanıb. Bu variantları qəbul etməyənlər özlərinə ziyan edəcəklər. Bu gün məhz həmin Zəfər Gününün hesabına Azərbaycan və onun Ali Baş Komandanı Ermənistan dövlətini dağılma vəziyyətinə gətirib çıxarıb. Zəfər Gününün gücü ondan ibarətdir ki, Ermənistan bir dövlət kimi məhv olmaq təhlükəsilə üzləşib. İranın, Rusiyanın meydanı daralıb. Zəfər Qələbəsindən sonra Türk Dövlətlərinin Təşkilatı yarandı. Türk dövlətləri də qürur duydular ki, tarix boyu vuruşublar, indi niyə qorxmalıyıq, sadəcə olaraq siyasətimizi düz aparmalıyıq".