Bakıda anormal küçə adları problemi hələ bitmədi...
Faiq Balabəyli: “Bizimlə əlaqəsi olmayan bu adlardan küçələrimizi xilas etməliyik”
Bakıda və ətraf qəsəbələrdə bəzi küçə adlarının dəyişdirilməsi ictimai tələbə çevrilib. Dəfələrlə yazmışıq, elə adamların adları belə küçələrə verilib, elə hadisələr onların adlarında əbədiləşdirilib ki, onların bizim xalqımızla heç əlaqəsi yoxdur, bəziləri isə köhnə bolşevizm qalığı kimi gözlərimizi deşir.
Vaxtilə Bakını beynəlimləl şəhər adlandırıb az qala bütün bolşevik liderlərinin adlarını paytaxtımızda əbədiləşdirmişdilər. Bu gün o adların bəzilərindən hələ də yaxa qurtarmaq mümkün olmayıb. Qonşu Gürcüstanda, eləcə də digər keşmiş SSRİ respublikalarında nəinki bolşevikllərin, hətta qeyri-gürcülərin adına bir küçə belə yoxdur. Təbii, kiçik istisnalar ola bilər. Amma Bakıda başqa xalqlara məxsus şəxsiyyətlərin adlarına saysız küçələr var. Sözsüz, Azərbaycan tolerant ölkədir və başqa xalqlarla mədəni əlaqələrə maraq göstərir. Lakin bizimlə əlaqəsi olmayan insanların adlarının küçələrimizin adlarında yaşadılması ictimaiyyət tərəfindən narazlıqla qarşılanır. Deyirlər ki, bu qədər şəhidimiz var, o küçələr şəhidlərimizin adlarını daşısın.
Bakıda anormal küçə adlarının olduğunu hamınız bilirsiz. Oxucularımızdan biri bizimlə əlaqə saxlayıb bildirdi ki, Qaradağ rayonunun Səngəçal qəsəbəsində Oktyabrın 70 illiyi küçəsi var. Bundan başqa, öz araşdırmamız nəticəsində Bakının Səbail rayonunda Mixail Nesterov küçəsi qarşımıza çıxdı. Kimdir bu Nesterov? Rus simvolist rəssamı, əsasən kilsə təsvirləri çəkən və Bakı ilə əlaqəsi olmayan bir şəxs! Bakı ilə əlaqəsi olmayan Mixail Nesterovun adına küçə olmağının nə mənası var?
Çox təəssüf ki, Bakıda anormal küçə adları çoxluq təşkil edir. Bütün ölkələrdə milliləşmə gedir, amma biz hələ də bizə aid olmayan şəxslərin adlarından xilas ola bilmirik.
“İnanaq ki, lap yaxın günlərdə adda-budda qalan belə adlar da yox olacaq”
Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bakıda küçə adlarının bəzilərində hələ də bu halın qalması ictimaiyyəti narahat edir. “Belə adlar hələ də qalmaqdadır. Hardasa, “Baksol” yolunun üstündə bir zavod var, yaxın günlərə qədər orada darvazanın üstündə Leninin şəkli dururdu. Özü də nədirsə, Rusiya və ruslarla bağlı adlar qorunub saxlanır ki, bu da hələ də "böyük qardaş" himayəsində qalmaq istəyənlərin ürəyincədir. Əksəriyyət də rus inqilabçıları və sair. Əlbəttə, bunun millətimiz, müstəqil dövlətimiz üçün mənasızlığını ifadə etmək vaxt aparar. Bizimlə əlaqəsi olmayan bu adlardan küçələrimizi xilas etməliyik. Mütləq milliləşmə getməlidir. Doğrudur ki, bu istiqamətdə işlər gedir və sürətlə gedir. Milli adlar, şəhərlərimizin, elm adamlarımızın, şəhidlərimizin, qəhrəmanlarımızın adlarına küçələr, məktəb və digər yerlərin adları verilir. Təəssüf ki, yaddan çıxaraq dəyişdirilməyənlər də var. Və yaddaşımızı vərəqləsək belə hallar, nümunələrə təsadüf olunur, necə ki, bir neçəsinin adını siz çəkdiniz.
Bu məsələdə xalqın döyünən ürəyi, görən gözü olan ziyalılarımızın, əsasən də şair və yazıçılarımızın da rolunu unutmamalıyıq.
70-ci illərdə, hələ o dövrdə gənc şair olan xalq şairimiz Sabir Rüstəmxanlı Azərbaycan Ali Sovetinə şeirlə iki məktub ünvanlamışdı. Səttar Bəhlulzadə adının Xutor adlandırılan kiçik bir dalana verilməsini, Avakyanın və digər erməni və başqa millətin nümayəndələrinin adının Bakının geniş, işıqlı küçə və prospektlərinə verilməsini poetik dillə tənqid edirdi və bu şeirlər bütün Azərbaycanda məşhur idi. 17 yaşında isə yazmışdı: Keçirəm Moskva prospektilə, Təbriz xiyabanı həsrətiylə mən". Əlbəttə, insanlarımızda milli ruhu inkişaf etdirmək vacibdir. İnanaq ki, lap yaxın günlərdə adda-budda qalan belə adlar da yox olacaq”-deyə F.Balabəyli qeyd etdi.
O əlavə etdi ki, gənc nəslin şüurunda bolşevik qalıqlarının heç bir izi olmamalıdır və ona görə də bu adlar milliləşdirilməlidir.
İradə SARIYEVA