Əzim Əzimzadənin mənzil-muzeyində rəsm sərgisi keçirilib
Bu gün 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan rəssamı Əzim Əzimzadənin mənzil-muzeyində M.A. art studyanın şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Sərgidə mənzil-muzeyin direktoru İradə xanım Əzimzadə çıxış edərək, 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdikdən sonra o, sentyabrın 27-dən başlayan və 44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edib. 44 günlük Vətən müharibəsinin Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin, şəhidlərimizin canı-qanı hesabına xalqımızın zəfəri ilə başa çatdığını və Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldığını söyləyib.
Daha sonra çıxış edən M.A. art studya adlı rəsm qalereyasının rəhbəri Münəvvər xanım Allahquliyeva ilk növbədə tədbirin keçirilməsi üçün onlara yaradılan şəraitə, diqqər və qayğıya görə mənzil-muzeyin rəhbərliyinə öz təşəkkürünü bildirib. Sərgini təşkil etməkdə əsas məqsədin xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına daim dəstək verməkdən ibarət olduğunu vurğulayıb. Həmçinin, 30 illik münaqişəni sona çatdıran Azərbaycan Ordusunun gücünün, qüdrətinin 44 günlük qəhrəmanlıq savaşının tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacağını qeyd edib.
Çıxışlardan sonra tədbir iştirakçıları şagirdlərin əl işləri ilə yaxından tanış olublar. Tədbirdə iştirak edən balaca rəssamlar – Nəzrin Rəsulzadə, Aynur Vəliyeva, Zibeydə Məhərrəmova, Mehin Əliyeva, Nuray Məmmədli, Aylin Əliyeva və başqaları öz şəkilləri haqqında qonaqlara məlumat veriblər.
Sərgi ilə tanışlıqdan sonra mənzil-muzeyinin direktoru, İradə xanım Əzimzadə Azərbaycan rəssamı Əzim Əzimzadənin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və bu, balaca rəssamların böyük marağına səbəb olub. Sərgiyə baxış keçirildikdən sonra xatirə şəkli çəkdirilib.
Afət Tahirqızı