Bakıda "Media savadlılığı" adlı konfrans keçirilib - FOTO
Bu gün Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən "Media savadlılığı" adlı konfrans keçirilib. Konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev, eləcə də ölkəmizdə fəaliyyət göstərən media subyekti rəhbərləri, media mənsubları və bir sıra dövlət orqanlarının könüllüləri iştirak edib.
Açılış nitqində ölkəmizdə həyata keçirilən media islahatlarının həm peşəkar mediaya dəstək, həm də sağlam media mühitini yaratmağa xidmət etdiyini deyən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin cari müddətə qədər gənclər üçün media savadlılığı mövzusunda bölgələrimizdə bir sıra maarifləndirici tədbirlər keçirdiyinə diqqət çəkib.
Əhməd İsmayılov hazırkı qlobal informasiya dövründə dezinformasiya hallarının çoxalması məsələsinə toxunub: "Bu da, öz növbəsində, media savadlılığı istiqamətində bu kimi tədbirlərin, maarifləndirmə işlərinin vacibliyini ehtiva edir. İnanırıq ki, media savadlılığı insanların yeni media mühitinin zərərli tərəflərindən qorunmasına ən yaxşı formada təsir göstərəcək".
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev isə sosial şəbəkə vahidlərinin artması fonunda mümkün kiberhücumlar barəsində maarifləndirmə işlərinin vacibliyi barədə danışıb.
"Biz dövlət xidməti olaraq, mütəmadi şəkildə dövlət orqanlarının informasiya sistemində monitorinqlər edir, onların təhlükəsizliyi istiqamətində qiymətləndirmələr aparırıq. Bu baxımdan, cari il ərzində 1 milyon 400 mindən çox zərərli elektron poçtun dövlət orqanları və əməkdaşlarına göndərilməsinin qarşısının alındığını deyə bilərəm", - Xidmət rəisi vurğulayıb.
Çıxışlar bitdikdən sonra "Media savadlılığı"na dair platformanın təqdimatı olub. Medianın İnkişafı Agentliyinin "Media dəstək layihələri və strateji planlaşdırma" şöbəsinin müdiri Ləman İsgəndərova veb-sayt platformasının ümumilikdə 5 bölmə və 10 altbölmədən ibarət olduğunu qeyd edib.
Mətləb