Ukraynalılar müharibədən bezib - Rusiyaya ərazi güzəşti tərəfdarları sürətlə artır...
Ukraynada Rusiya ilə 2 ilə yaxındır davam edən müharibə ilə bağlı keçirilən sorğu ortaya çox maraqlı nəticələr qoyub. 29 oktyabr - 9 dekabr tarixləri arasında aparılan sorğu ərazi güzəştlərinə baxışların dəyişdiyini ortaya çıxarıb. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusuna əsasən, müharibəni dayandırmaq üçün Rusiyaya ərazi güzəştlərinə açıq olanların sayı artıb.
May ayında Rusiyaya ərazi güzəştlərinin edilməsi ilə bağlı sorğuda bu göstərici 10 faiz, oktyabrda 14 faiz, dekabrda aparılan sorğuda isə 19 faizə yüksəlib.
Rusiyaya ərazi güzəştlərinin əleyhinə olanların nisbəti may-dekabr aylarında 84 faizdən 74 faizə düşüb.
Ukraynanın qərbində və mərkəzində yaşayanların, xüsusən də torpaq güzəştləri ilə bağlı fikirləri dəyişib. Oktyabr-dekabr aylarında ölkənin qərb bölgələrində Rusiyaya torpaq vermək fikrinə açıq olanların nisbəti 9 faizdən 20-yə, mərkəzi şəhərlərdə isə 10-dan 15-ə yüksəlib.
Müharibədən ən çox zərər çəkən Ukraynanın cənub və şərq bölgələrində bu müvafiq olaraq 22 və 25 faiz olub.
Rəyi soruşulanların 22 faizi Rusiyanın çox güclü olduğunu düşünsə də, 71 faizi Ukraynanın Qərbin kifayət qədər dəstəyi ilə müharibədə qalib gələ biləcəyini bildirib.
Təsadüfi telefon nömrələri vasitəsilə keçirilən sorğuda 1031 nəfər iştirak edib. 2014-cü ildən Rusiyanın nəzarətində olan Krım sorğuya daxil edilməyib.
2022-ci ilin fevralında Ukraynada işğal əməliyyatına başlayan Rusiya ölkənin şərq və cənubunda yerləşən Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrini ilhaq edib. Münaqişənin ilk aylarında aparılan sülh danışıqları zamanı bu bölgələrin Rusiyaya verilməsi gündəmdə olsa da, Kiyev bunu açıq şəkildə rədd edib.
Kiyev administrasiyası bütün bölgələrdə, o cümlədən Krımda Rusiya işğalına son qoymağı qarşısına məqsəd qoyub.
TAHİR