Bakı-İrəvan sülh məsələsi ilə bir il Polşa məşğul olacaq...
Əli Mustafa: “Polşa tərəflər arasında sülh sazişinə töhfə verəcək ranqda ölkə deyil”
Polşa Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə səy göstərəcək.
Bu, Polşanın Aİ Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb.
Proqramda qeyd edilib ki, bu addımlar Bakı ilə İrəvanın Aİ ilə əməkdaşlığının inkişafına da imkan yaradacaq: “Bu bizə Aİ ilə əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək. Bu, həm də gürcü xalqının Avropa İttifaqına üzvlük istəklərini dəstəkləyəcək”.
Maraqlıdır, Bakı-İrəvan münasibətlərinin normallaşmasında Polşa nəsə edə bilər?
“Ancaq hər halda müəyyən təşəbbüslər olacaq, çünki Aİ-nin marağındadır ki, Cənubi Qafqazda sabitlik olsun”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa buna bir neçə prizmadan yanaşdı: “Polşanın Avroittifaqa sədrliyi ümumilikdə götürəndə Avropa İttifaqının Cənubi Qafqazla bağlı siyasətinə təsir etmir. Yəni xüsusi təsir etmir. Lakin ümumilikdə, Cənubi Qafqaz Avropa İttifaqının siyasi sərhədlərinə daxil edilib. Deməyim odur ki, postsovet məkanına daxil olan bir sıra ölkələri Aİ öz sıralarında görmək istəyir. Bununla əlaqədar qonşuluq münasibətləri ilə bağlı bir sıra proqramlar reallaşdırılıb. İndi Ermənistan, Gürcüstan bu istiqamətdə müəyyən addımlar atır. Azərbaycanla da müəyyən danışıqlar gedib. Baxmayaraq ki, Azərbaycan Aİ-yə üzv olmağı qarşısına məqsəd qoymayıb. Bütün bunlara baxmayaraq, əvvəl-axır Cənubi Qafqazın yenidən Avropa İttifaqına inteqrasiyası istiqamətində cəhdlər olacaq. Bunun necə nəticələnəcəyinə gəldikdə isə, bütövlükdə Aİ strateji olaraq bu ölkələri öz içinə daxil etmək istəyir. Ancaq məsələ ondadır ki, bu məsələdə Rusiya ilə rəqabət var. Çünki Moskva istəmir ki, gələcəkdə Cənubi Qafqaz ölkələri Avroittifaqa inteqrasiya olunsunlar. Ona görə ki, Rusiya bu bölgəni öz nüfuz dairəsində saxlamaq istəyir. Polşanın, bütövlükdə Aİ-nin regionda uğur qazanmasının əsas şərti Rusiyanın zəifləməsidir. Yalnız o halda bu, hansısa nəticə verə bilər və qurum bölgəyə nüfuz edə bilər. Əks təqdirdə hansısa ciddi nəticənin əldə ediləcəyini düşünmürəm. Onu da nəzərə almaq lazımdır ki, üzv dövlətlərin Aİ Şurasına sədrliyi rotasiya ilədir. Yəni üzv dövlətlər 6 ay müddətində sədrlik edirlər. Ona görə də sülhlə bağlı 6 ay ərzində ciddi nəticələrin olacağını düşünmürəm. Polşa tərəflər arasında sülh sazişinə töhfə verəcək ranqda ölkə deyil. Çünki Polşa Almaniya, Fransa, İtaliya kimi güclü və aparıcı dövlət deyil ki, Aİ-nin siyasətinə yön verə bilsin. Nəzərə almaq lazımdır ki, hər bir üzv ölkənin qurumda öz siyasi və iqtisadi çəkisi var. Ancaq hər halda müəyyən təşəbbüslər olacaq, çünki Aİ-nin marağındadır ki, Cənubi Qafqazda sabitlik olsun”.
Vidadi ORDAHALLI