Ukraynaya xəyanət edib Rusiyaya sığınan deputatı kim öldürüb? – Kiyev xainlərə xəbərdarlıq etdi: Rusiya da sizi xilas edə bilməz...
Ukrayna parlamentinin keçmiş deputatı İya Kıva ötən həftə sığındığı Moskvada qətlə yetirilib. Ukrayna kəşfiyyatı ilk dəfə olaraq sui-qəsdin görüntülərini yayıb.
46 yaşlı keçmiş deputat təhlükəsiz olduğu düşünülən yerdə gəzintiyə çıxarkən güllələnərək öldürülüb. Hadisə yerində çəkilən görüntülərdə cəsədin qarda yatdığı və sui-qəsd zamanı istifadə edilən silahların da ağaca asıldığı görülür.
Sui-qəsdçinin deputatı öldürməzdən əvvəl onu gözlədiyi və ölümünü lentə aldığı görüntülər Ukraynaya xəyanət edən hər kəs üçün gözdağı kimi paylaşılıb. Ukrayna Təhlükəsizlik Xidməti görüntülərin Vladimir Putinin ordusu ilə əməkdaşlıq edən digər ukraynalılara xəbərdarlıq olduğunu açıqlayıb.
"Bu, düşmənin tərəfinə keçən bütün satqınlara və hərbi cinayətkarlara bir siqnaldır. Unutmayın, Rusiya sizi xilas edə bilməz. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun bir qədər əvvəl dediyi kimi, Ukraynanın düşmənlərini gözləyən yeganə ehtimal ölümdür" - Ukraynalı mənbə mediaya deyib.
Tahir TAĞIYEV