Yerli istehsal avtobuslar 8 illiyə vergidən azad olunacaq - nə faydası var?..
Aslan Əsədov: “Daxili istehsal tam təmin olunduqdan sonra bunu xaricə ixrac etmək olar”
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətində ƏDV-dən azad ediləcək. Qeyd edək ki, bu azadolma yerli avtobus istehsalına gətirib çıxaracaq.
Ehtimal olunur ki, bu güzəştlər bir tərəfdən də avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Maraqlıdır, yerli istehsal avtobusların vergidən azad olunması bu sahəyə necə təsir edəcək?
“Avtobusların ehtiyat hissələrinin idxalının 8 il müddətinə ƏDV-dən azad edilməsi bu sahəyə müsbət təsir edəcək”
Nəqliyyat ekspert Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Vergilər Məcəlləsinə edilən dəyişiklik təqdirəlayiqdir: “Bu gün Azərbaycanın daxili təlabatına uyğun olaraq xeyli sayda daşıyıcıların olmasına ehtiyac var. Məlumdur ki, ölkəmizin qonşu ölkələrlə sıx təması var. Bunun üçün iri tutumlu avtobusların istehsal olunması lazımdır. Rusiya, Türkiyə, Gürcüstan və digər əməkdaşlıq etdiyimiz ölkələrə avtobus səyahətinin olması lazımdır. Yerli istehsal tələbatı ödəyərsə çox sevindirici xəbər olar. Daxili istehsal tam təmin olunduqdan sonra bunu xaricə ixrac etmək olar. Bununla da ölkəmiz gəlir əldə edə bilər”.
Həmsöhbətimiz onu da bildirdi ki, alıcılıq qabiliyyətinə malik bazar var, sadəcə bizə keyfiyyətli istehsal lazımdır: “Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının 8 il müddətində ƏDV-dən azad edilməsi bu sahəyə müsbət təsir edəcək. Nəzərə almaq lazımdır ki, bu zavodun işləməsi sayəsində çoxlu sayda insan əmək fəaliyyəti ilə məşğul olacaq. Bu da onların sosial-iqtisadi durumuna müsbət təsir edəcək”.
Qeyd edək ki, yeni vergi güzəştləri 1 yanvar 2025-ci ildən qüvvəyə minəcək.
Günel CƏLİLOVA