Rusiya Əsədi təslim etməsə, Hmeymim bazası ölkədən çıxarılacaq...
Arzuxan Əlizadə: "Yeni hakimiyyət öz yerini möhkəmləndirənə və prosesləri öz istədiyi istiqamətə yönəldənə qədər əvvəlki aktorlarla münasibətlərin qorunub saxlanmasını tərcih edəcək"
Suriyadakı Rusiya hərbi bazalarının təhlükəsizliyi ilə bağlı da danışan Peskov bununla bağlı Moskvanın danışıqlar apardığını və rus əsgərlərinin də lazımi tədbirlər gördüyünü bildirib. Peskov bildirib ki, Hmeymim və Tartusdakı Rusiya bazalarının gələcəyi ilə bağlı danışmaq hələ tezdir və bu, ölkədə hakimiyyətə gələcək şəxslərlə müzakirə edilməlidir.
İki ölkə arasındakı razılaşmaya görə, Moskvanın 2066-cı ilə qədər Tartus və Hmeymim bazalarından istifadə etmək hüququ var.
Suriyadakı Rusiya bazalarının taleyi necə olacaq? Putin Əsədi yeni hakimiyyətə versə nə ola bilər, verməsə nə ola bilər? Hansi halda yeni hakimiyyət və bölgədəki digər aktorlar Rusiya bazasının Hmeymim və Tartusda qalmasına razılıq verə bilər?
“Bakı-Xəbər” qəzetinin sualına cavabında siyasi şərhçi Arzuxan Əlizadə bildirdi ki, Rusiya bundan əvvəlki dönəmdə Bəşər Əsəd hakimiyyətinə dəstək verən əsas güclərdən biri olub və Yaxın Şərqdə onun proseslerə təsir imkanları kifayət qədər güclü və ciddi olub: "İndi artıq Əsəd rejimi devrildi, artıq hakimiyyəti saxlamağın mümkun olmadığını başa düşən Əsəd Rusiya ilə danışıqların nəticəsi olaraq Moskvaya sığındı. Ona sığınacağı Putin təmin etdi. Gələn məlumatlara görə, Əsəd çox böyük sərvətlə, ailə üzvləri ilə birlikdə Rusiyaya sığınıb. Əgər sığınacaq verilibsə, Putin ən azı öz reputasiyasına görə Bəşər Əsədi yeni hakimiyyətə geri verməyəcək. Yəni yaxın gələcək üçün Rusiyadan bunu gözləmirəm. Amma perspektivdə hadisələr hansı istiqamətdə inkişaf edəcək, bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hər halda, mən Bəşər Əsədin yeni Suriya hakimiyyətinə təhvil verilməsini istisna edirəm".
Rusiyanın Suriyada fəaliyyət göstərən Tartus və Hmeymim hərbi bazalarının gələcək taleyi barədə danışan ekspert bildirdi ki, bu, sonrakı dönəmin danışıqlar predmeti olacaq.
"Məlumdur ki, Rusiya Yaxın Şərqdə gedən proseslərin əsas oyunçularından biri olub, hazırda isə danışıqlar Türkiyə və regiona təsir gücü olan digər dövlətlərlə aoarılmaqla müəyyən nəticələrə gəlinəcək. Nəticə etibarı ilə Rusiya hərbi bazalarının Suriyadan çıxarılması ehtimalı olduqca aşağıdır. Çox böyük ehtimalla, yeni hakimiyyət öz yerini möhkəmləndirənə və prosesləri öz istədiyi istiqamətə yönəldənə qədər əvvəlki aktorlarla münasibətlərin qorunub saxlanmasını tərcih edəcək. Onlar həm Türkiyə, həm Rusiya, həm də regiona təsir edən digər güclərlə münasibətləri pozmaq istiqamətində hec bir addım atmayacaqlar. Amma bir müddət keçəndən sonra yeni hakimiyyət ölkədə oturuşa biləcəksə, bütövlükdə ölkəni idarə etmək gücünə malik olacaqsa və müxtəlif gücləri öz ətrafında təmərküzləşdirə biləcəksə, müəyyən qədər müstəqil siyasət yürütmək imkanına malik olacaq. O zaman istər Rusiyanın, istərsə də digər dövlətlərin bazalarının ölkədən çıxarılması barədə qərarlar qəbul edəcəklər. Təbii ki, Rusiya Ukrayna cəbhəsində genismiqyaslı müharibə aparmaqdadır. İstisna edilmir ki, Suriyada yerləsən hərbi bazadakı güclərin müəyyən bir hissəsini digər istiqamətlərə yönəltsin və bazalarını oradan çıxarsın. Lakin yaxın perspektivdə Rusiya bazalarının Suriyadan çıxarılacağını gözləmirəm", - deyə ekspert bir daha vurğuladı.
Dəniz NƏSİRLİ