Ermənistan Fransa ilə növbəti Müdafiə Əməkdaşlığı proqramını imzaladı...
Ramil Məmmədli: “Fransanın avantürist fəaliyyəti regionda gərginliyin artmasına xidmət edir”
İrəvanda Ermənistan və Fransa arasında strateji müdafiə məsləhətləşmələri nəticəsində 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı imzalanıb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunub ki, Ermənistan və Fransa 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı çərçivəsində onlarla tədbiri əhatə edən sənəd imzalayıblar. İrəvanda keçirilən məsləhətləşmələrdə 2024-cü il üzrə əməkdaşlıq yekunlaşdırılıb, növbəti il üçün prioritetlər müəyyənləşdirilib. Tərəflər bu yaxınlarda fəal əməkdaşlığın strateji əhəmiyyətini təsdiqləyib və əməkdaşlığın inkişafı üçün daha yüksək meyar müəyyən ediblər. Müdafiənin planlaşdırılması, hərbi təhsil və təlim, konsultasiya dəstəyi, müxtəlif hərbi hissələrin hazırlığı, hərbi-texniki və digər istiqamətlərdə əməkdaşlığın xüsusi mühüm əhəmiyyəti qeyd edilib.
“Tərəflər arasında sülh müqaviləsi və dayanıqlı sabitlik Parisin də maraqlarına cavab vermir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi gözlənilən idi: “Artıq neçə vaxtdır Fransa bu istiqamətdə çalışır. Fransa son illər Ermənistanı silahlandıran, revanşizmi körükləyən başlıca dövlətlərdən biridir. Paris İrəvanla hərbi əməkdaşlığı dərinləşdirməklə öz aləmində Azərbaycana “psixoloji təzyiq” göstərməyə çalışır. Guya bununla onlar Ermənistanın Azərbaycan üzərində hərbi üstünlüyünü təmin edəcəklər. Təbii ki, bütün bunlar hərbi nöqteyi-nəzərdən mümkün deyil. Ən azından ona görə ki, bir sıra parametrlərə görə Azərbaycan üstün mövqedədir. Bununla yanaşı, Azərbaycan bütün bu prosesləri yaxından izləyir və gərəkən adekvat qabaqlayıcı tədbirləri görür. Yəni ölkəmiz bütün bu oyunların fərqindədir. Heç bir halda Ermənistan silahlanmaqla 30 il əvvəlki işğalı təkrarlaya bilməz. Çünki Azərbaycan əvvəlki zəif dövlət deyil. Ancaq istənilən halda, Fransanın avantürist fəaliyyəti regionda gərginliyin artmasına xidmət edir. Fransa iki ölkə arasında sülh sazişinin imzalamasını gözləmədən Ermənistanı silahlandırmaqla prosesin dalana dirənməsinə çalışır. Çünki tərəflər arasında sülh müqaviləsi və dayanıqlı sabitlik Parisin də maraqlarına cavab vermir. Ona görə ki, belə olduğu halda o zaman Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda mövcudluğuna ehtiyac qalmır. Halbuki, sözügedən missiya sərhəddə müşahidə aparmaqdan çox kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Onların məqsədi həm də Rusiyaya qarşı yönəlib ki, yaxın perspektivdə rus hərbi bazalarının Ermənistandan çıxarılmasına nail olsunlar. Bu baxımdan hesab edirəm ki, Fransanın göstərdiyi bu çanfəşanlığın arxasında müəyyən geosiyasi məqsədlər dayanır”.
Vidadi ORDAHALLI