İki istiqamətli ABŞ-İrəvan hərbi razılaşması əldə olundu...
Əli Orucov: “Bu o deməkdir ki, Ermənistan ordusu NATO standartlarına uyğun qurulacaq”
ABŞ-də səfərdə olan Ermənistanın Müdafiə naziri Suren Papikyan amerikalı həmkarı Lloyd Ostinlə görüşüb. Papikyan Emənistan Silahlı Qüvvələrində aparılan islahatların təfərrüatlarını təqdim edib.
O, həm Ermənistan Silahlı Qüvvələrinin transformasiyasının həyata keçirilməsinə, həm də ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş əməkdaşlığın prioritet istiqamətlərini diqqətə çatdırıb. Papikyanın səfərini “tarixi” hadisə kimi qiymətləndirən Pentaqonun təhbəri ABŞ-nin Ermənistanın müstəqilliyini, suverenliyini və rifahını dəstəklədiyini bildirərək, iki ölkə arasında əməkdaşlığın genişlənməkdə davam etdiyini vurğulayıb. Ostin Vaşinqtonun Ermənistan ordusunda islahatları dəstəkləməyi davam etdirməyə hazır olduğunu bildirib.
Göründüyü kimi, İrəvan ordunun transformasiyasına və Ermənistan-ABŞ hərbi əməkdaşlığına xüsusi önəm verir. Bir belə həngamədən sonra Rusiya hələ də Ermənistanda nəyəsə ümid edir.
“Vaxtından əvvəl Rusiyanın həm 102-ci hərbi bazası, həm də Erebuni hərbi hava bazası ölkədən çıxarılacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, bununla Ermənistan ABŞ-dan yana seçim etdiyini göstərir: “Ordunun transformasiyası nə deməkdir? Bu o deməkdir ki, Ermənistan ordusu NATO standartlarına uyğun qurulacaq. Transformasiya ordu sisteminin dəyişdirilməsi deməkdir. Bu o deməkdir ki, Ermənistan ordusu transformasiya olandan sonra, silah inventarını dəyişdirərək Qərb istehsalı olan silahlara keçəcək. Bir sözlə, nizamnamədən tutmuş digər məsələlərə qədər ordu sistemi ABŞ-dakı kimi qurulacq. Təbii ki, bütün bunlar birdən-birə yox, mərhələli şəkildə olacaq. Ancaq məsələ ondadır ki, Ermənistan hansısa hərbi blokda təmsil olunmasaydı, müstəqil siyasət yeritsəydi, bunu hardasa anlamaq olardı. Lakin məsələ ondadır ki, Ermənistan KTMT-nin üzvüdür və bu da təşkilatın nizamnaməsinə ziddir. Necə deyərlər, Paşinyan Putinin gözünün içinə baxa-baxa KTMT-nin başı üzərindən iş görür. Digər bir tərəfdən, Ermənistanla ABŞ arasında hərbi əməkdaşlığın genişlənməsi o deməkdir ki, post-Rusiya dövrünə hazırlıq gedir. İrəvanla Moskva arasında 2044-cü ilə qədər Ermənistanda Rusiya hərbi bazalarının mövcudluğu barədə saziş olsa da, həmin müddətə qədər bazalar orada qalmayacaq. Yəni vaxtından əvvəl Rusiyanın həm 102-ci hərbi bazası, həm də Erebuni hərbi hava bazası ölkədən çıxarılacaq. Onların yerini isə Birləşmiş Ştatlar tutacaq. Ermənistan-ABŞ hərbi əməkdaşlığının əsas məqsədi budur”.
Vidadi ORDAHALLI