Netanyahu 1974-cü il razılaşmasının çökdüyünü elan etdi, ardınca İsrail ordusu Suriyaya girdi - Hermon dağı ələ keçirildi...
Suriyada 14 ildir davam edən vətəndaş müharibəsində müxalifət Əsəd rejimi qüvvələrini məğlub etdi, Bəşər ölkədən qaçdı. Əsədin devrilməsi və ölkədəki keçid prosesindən istifadə edən İsrail ordusu isə Suriyaya daxil olub.
Məlumatlara görə, rejimin devrilməsindən sonra İsrail Qolan təpələrinə və onunla Suriya arasındakı bufer zonaya qoşun yeridib. Son məlumatlara görə, İsrail ordusu İsrail və Suriya arasında bufer zonada yerləşən Hermon dağının Suriya tərəfini ələ keçirib.
İsrail mətbuatında yer alan xəbərlərdə bildirilir ki, İsrail ordusu Suriyanın İsrail sərhədinə yaxın Ofaniya, Quneytra, əl-Hamidiye, Samdaniya əl-Garbiyye və əl-Qahtaniye kəndləri üçün də xəbərdarlıq edib. "Bölgənizdəki qarşıdurmalar İsrail ordusunu hərəkətə keçməyə məcbur edir və biz sizə zərər vermək fikrində deyilik. Təhlükəsizliyiniz üçün evdə qalın və növbəti xəbərdarlığa qədər çölə çıxmayın" - deyə ordu tərəfindən edilən xəbərdarlıqda bildirilir.
Digər tərəfdən, İsrail-Suriya sərhədindəki Bental dağını ziyarət edən Baş nazir Benyamin Netanyahu iki ölkə arasında 1974-cü ildə əldə dilmiş razılaşmanın çökdüyünü deyib: "Biz hər şeydən əvvəl sərhədimizi qorumaq üçün hərəkət edirik. Bu bölgə təxminən 50 ildir, 1974-cü ildə əldə edilmiş razılaşma ilə idarə olunurdu. Artıq bu anlaşma çökdü və Suriya əsgərləri mövqelərini tərk etdilər".
Bundan başqa, İsrail döyüş təyyarələri Dəməşqə hava zərbələri endirib. Məlumatlara görə, İsrail ordusu Dəməşqin Kafr Sousa bölgəsində raketlərin hazırlandığı iddia edilən araşdırma mərkəzinə, bir hava limanına və başa bir neçə hədəfə zərbələr endirib.
ZÜMRÜD