OCCRP adlı qondarma beynəlxalq qurum bəzi Azərbaycan "jurnalistləri" ilə cinayətkar əlaqələr qurub...
Əli Orucov: "Jurnalistlərimiz də vicdanı qarşısında hesabat verməli, ölkəsini şantaj etmək üçün hazırlanmış, hazırlanmasından xəbəri olmayan "araşdırma"ların altına imza atmamalıdırlar"
OCCRP - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi adlı araşdırma səbəkəsi Cənubi Qafqazda Azərbaycanı xüsusi olaraq hədəfə alıb. Son parlament seçkilərinə qədər OCCRP Gürcüstan haqqında bir dənə də olsun korrupsiya faktını araşdırmayıb.
Lakin 26 oktyabrdan bəri - Gürcüstanda "Gurcü Arzusu" partiyası parlamentdə çoxluğa nail olandan sonra OCCRP artıq bu ölkə barədə bir necə korrupsiya araşdırmasının anonsunu təqdim edib. Sözsüz ki, 10 gün ərzində ölkə korrupsiyalaşmır. Nə qədər ki, Gürcüstan Avropaya inteqrasiya edirdi, bu ölkədə guya hər şey qaydasında idi, bir gün içində Rusiyameylli partiya hakimiyyətə gələn kimi Gürcüstan oldu korrupsiyalaşmış ölkə. Bu bariz nümunədir ki, OCCRP qərəzli bir araşdırma layihəsidir. Bu layihənin arxasında Amerika və Avropa dövlətləri həm maliyyəsi, həm də kəşfiyyat məlumatları ilə durur. Amerika və Avropa dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən Azərbaycan və ya bu ölkələrin digər rəqibləri haqqında yalan-gerçək kəşfiyyat məlumatları OCCRP-yə ötürülür. OCCRP isə həmin məlumatlar əsasında "araşdirma" hazırlayır və haqqında araşdırma aparılan ölkələrdən olan jurnalistlərin imzası həmin araşdirmanın altına qoyulur. Guya azərbaycanlı jurnalist ofşor zonalarda araşdırma aparıb, məxfi məlumatların izinə düşüb. Əslində isə bu "araşdırma"nın altına yalnız onun imzası qoyulub və buna görə də ona pul ödənilib. Hazırda bu sxem Azərbaycanda da işləyir. Hazırlanmış materiallara bəzi azərbaycanlı jurnalistlərin imzası qoyulur, həmin jurnalistə sadəcə imza qoyması müqabilində pul ödənilir.
Sizcə bu nə qədər ədalətli bir sxemdir? Öz dövlətinin şantaj edilməsində bir alətə çevrilmək nə qədər qəbulediləndir?
Baki-xeber.com-a açıqlamasında Əli Orucov bildirdi ki, OCCRP dünyada korrupsiya, çirkli pulların yuyulması, qanunsuz maliyyə əməliyyatlarının araşdırılması ilə bağlı fəaliyyət göstərsə də, bir sıra hallarda böyük güclərin siyasi maraqlarının təsiri altına düşməsi hallarına da rast gəlinir: "Ümumiyyətlə, mətbuat, insan hüquq və azadlıqları ilə məşğul olan Freedom Hous, Amnesty İnternational və s. bu kimi qurumlar öz profillərindən daha çox basqı aləti kimi istifadə edirlər. Qərbin qəzəbinə və hədəfinə tuş gələn ölkələrə həmin təşkilatlar vasitəsilə təzyiqlər göstərilir və beynəlxalq səviyyədə nüfuzdan salma kampaniyası aparılır.
Heç kəsə sirr deyil ki, dünyanın hər yerində korrupsiya halları, çirkli pulların yuyulması, maliyyə fırıldaqları mövcuddur. Lakin bu kimi neqativ halların üzərindən sükutla keçilməsi, konkret ünvanlara fokuslanması bu təşkilatın da obyektivliyinə əsaslı şübhələr yaradır. Sizin də toxunduğunuz Gürcüstanı misal göstərmək kifayətdir ki, OCCRP-nin yaydığı korrupsiya hesabatlarının nə qədər siyasi maraqlar üzərində qurulduğunu söyləyə bilək. Göründüyü kimi, hakimiyyətdə olan "Gürcü Arzusu" Qərbin diqtəsi ilə hərəkət etməkdən imtina etdikdən dərhal sonra həmin təşkilatın qara siyahısına düşür. Halbuki, həmin partiya 2012-ci ildən iqtidardadır və ölkəni də həmin komanda idarə edir. Azərbaycanla bağlı hesabatlarda da siyasi mövqe ön plandadır.
Mən onu da inkar etmirəm ki, Azərbaycanda mütəşəkkil cinayətkarlıq, maliyyə pozuntuları, korrupsiya və rüşvətxorluq yoxdur. Təəssüflər olsun, belə hallar çox dərinə işlədiyindən, cəmiyyətin bütün təbəqələrini əhatə etdiyindən və buna qarşı ciddi mübarizə aparacaq qurumların fəaliyyətsizliyindən bu problemin qarşısını almaq mümkünsüzdür. Baxmayaraq "Korrupsiya və rüşvətxorluğa qarşı Dövlət Proqramı" qəbul edilib, Baş Prokurorluqda ayrıca baş idarə yaradılıb və s. bəzi yüksək rütbəli dövlət məmurları cəzalandırılıb, ancaq effektli nəticə hələ ortada yoxdur. Külli miqdarda dövlət büdcəsini talama cinayəti məhkəmədə sübuta yetirilən həmin korrupsioner məmurların qısa zamanda azadlığa buraxılması, təbii ki, cəmiyyətdə birmənalı qarşılanmır. Sanki kimlərsə bir cəzasızlıq mühiti yaradıb və ölkəni məhvə sürükləyən korrupsiyanın və rüşvətin aradan qaldırılmasına imkan vermir. Prezident İ.Əliyev dəfələrlə korrupsiyaya uğrayanların kimliyindən asılı olmayaraq qanun qarşısında sərt cəzalandırılacağını deyib, xəbərdarlıq edib. Görünən odur ki, prezidentin xəbərdarlıqları nəzərə alınmır, onun tapşırıq və göstərişləri əksər hallarda sabotaj edilir. Azərbaycanda korrupsiyanın və rüşvətin mövcudluğunu heç kəs inkar etmir. Bu neqativ halları araşdırıb ictimailəşdirən jurnalist əslində dövlətə və dövlətin müvafiq qurumlarına kömək etmiş olur. Burda məncə jurnalistləri qınamaqdan daha çox ölkədəki mövcud durumun müsbət istiqamətə dəyişməsinə mane olanları barmaqla göstərmək lazımdır.
Doğrunu, həqiqəti və ədaləti heç vaxt şantaj etmək, qorxutmaq mümkün olmur. Biz hər şeyi, mövcud qüsurları, əskiklikləri, pis meylləri inkar etməklə nəyəsə nail ola bilmərik. Əksinə, bunlar deyilməlidir, yazılmalıdır, problemlərin üzərinə gedilməlidir.
Ölkənin müdafiəsinə, vətəndaşların xarici təhlükələrdən qorunmasına məsul olan Müdafiə Nazirliyində 143 milyon dolların mənimsənilmə sxemi məhkəmədə səsləndirildi. Siz təsəvvür edin, təcavüzə məruz qalmış, torpaqları işğal altında olmuş bir dövlətin Müdafiə Nazirliyinin ona dövlətdən ayrılan müdafiə xərclərini şəxsi maraqlarına necə amansızcasına məsrəf edildiyi məlum oldu.
Belə faktlar Azərbaycan mediasında da işıq üzü görür. Amma jurnalustlərimiz də vicdanı qarşısında hesabat verməli, ölkəsini şantaj etmək üçün hazırlanmış, hazırlanmasından xəbəri olmayan "araşdırma"ların altına imza atmamalıdırlar. Bəziləri məsələni belə qoyur ki, korrupsiya və rüşvət olmasın, biz də yazmayaq... Bu bəlkə də vətənə xəyanətə haqq qazandırmağa bərabər olan bir prinsipdir. Çunki bizə "ağıl öyrədən" ABŞ və Avropa belə bu bəladan yaxa qurtara bilmir. Elə isə, nədən OCCRP yalnız ABŞ və Avropa ölkələrinin rəqibləri barədə belə araşdırmalar aparır? Məsələ hamıya aydındır.
Digər tərəfdən, jurnalist nəyə görə özünün aparmadığı araşdırmanın altına imza atmalıdır? Həmin jurnalist özünə sual verməlidir ki, bir imzaya görə mənə nədən bu qədər pul verirlər? Jurnalist bu suala cavab tapa bilirsə, o heç vaxt OCCRP-nin toruna düşməz. Bu yolla pul qazanmağın bir adı var - dövlətə və vətənə xəyanət'.
Dəniz NƏSİRLİ