Avropa və Amerikanın pulu, kəşfiyyat məlumatları - OCCRP Azərbaycana təzyiq vasitəsidir...
Yadigar Məmmədli: “Azərbaycan güclü dövlət olduğu üçün onların çirkin niyyətləri hər dəfə fiaskoya uğrayır”
OCCPR-dən Qərbin bir təzyiq vasitəsi kimi istifadə etməsi yeni deyil. OCCPR-nin əsas məqsədi ABŞ kəşfiyyatı tərəfindən ötürülən məlumatları jurnalist araşdırması kimi təqdim etməkdir. Bundan Vaşinqton xarici siyasətində təsir rıçaqı kimi istifadə edir.
OCCPR-nin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi adı altında Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrləri ilə əməkdaşlığı, birliyi sifarişə söykənir. ABŞ kəşfiyyatı tərəfindən ötürülən məlumatların onlar tərəfindən araşdırılması, bunun jurnalist araşdırmaları məhsulu kimi təqdim edilməsi bəlli məqsədlərdən xəbər verir. Yəni bundan təsir rıçaqı kimi istifadə edirlər.
Söhbət ondan gedir ki, adı jurnalist araşdırmaçıları layihəsidir, amma əslində onlar ABŞ kəşfiyyatından, yuxarıda adı çəkilən media qurumlarından tam dəstək və məlumat alırlar. Bunu isə jurnalist araşdırması kimi təqdim edib Azərbaycana və digər ölkələrə qarşı istifadə edirlər. OCCPR daim Azərbaycana qarşı qaralayıcı, həqiqətə uyğun olmayan, qərəzli, uydurma faktların əsasında təhlillər aparıb ölkəmizi hədəf almağa çalışıb.
“Utanmadan hansısa hesabat adı altında qlobal media üzərindən Azərbaycana böhtan atırlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, beynəlxalq təşkilat adı altında fəaliyyət göstərən bir sıra qurumlar əslində bəlli ölkələrdən gələn sifarişləri yerinə yetirir: “Bəlli məsələdir ki, onlar böyük dövlətlər vasitəsi ilə idarə olunurlar. Belə təşkilatlar müxtəlif sahələrdə fəaliyyət göstərir. Elələri var ki, ABŞ kəşfiyyatına məlumat toplayır. Birləşmiş Ştatlar bəzi ölkələrdə bu təşkilatlar vasitəsi ilə iğtişaşlar yaradır, hakimiyyət çevrilişi edir. İnsan hüquqları, media azadlığı adı altında ölkələrin daxili işlərinə qarışırlar. Onların sərvətlərini istismar edirlər. Məqsəd böyük dövlətlərin maraqlarını təmin etməkdir. Azərbaycana münasibətdə bu oyunlar alınmır. Birincisi, Azərbaycan müstəqil siyasət yeridir. Hansısa dövlətin tərəfində duraraq birtərəfli siyasət yeritmir. İkincisi, Azərbaycan xarici dövlətlərdən iqtisadi baxımdan asılı deyil. Ona görə də Azərbaycana qarşı sistemli qaralama kampaniyası aparsalar da, məqsədlərinə nail ola bilmirlər. Ona görə də OCCPR bu dövlətlərin əlində bir təzyiq vasitəsidir. Bütün bunlar hələ məsələnin görünən tərəfidir. Məsələnin görünməyən tərəfində Azərbaycana qarşı daha böyük və məkrli planlar var. Sadəcə, Azərbaycan güclü dövlət olduğu üçün onların çirkin niyyətləri hər dəfə fiaskoya uğrayır. Həm də ona görə ki, biz onların kim olduğunu yaxşı bilirik. Ərazilərimiz 30 il işğal altında olanda, yaşayış məntəqələri viran qoyulanda bir dəfə bunların səsi çıxmadı. İndi utanmadan hansısa hesabat adı altında qlobal media üzərindən Azərbaycana böhtan atırlar. Ancaq həmişə olduğu kimi, bu dəfə də məqsədlərinə çata bilməyəcəklər”.
Vidadi ORDAHALLI