Bakıda Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmasının hüquqi əsasları mövzusunda panel sessiyası keçirildi
Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış” mövzusunda panel sessiyası keçirilib.
Almaniyanın Frankfurt Universitetinin müəllimi Mixael Raynhard Hess çıxışında müəyyən dövrlərdə minlərlə azərbaycanlının qanunsuz şəkildə öz yurdlarından qovulduğunu deyib. Vurğulayıb ki, Ermənistanın qeyri-rəsmi təşkilatları və rəsmi dövlət strukturları bu prosesdə iştirak ediblər. Azərbaycanlılara qarşı 20-ci əsrdə ciddi şəkildə zorakı deportasiya siyasəti tətbiq olunub.
Paneldə digər çıxış edənlər Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya və ABŞ-ın Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov azərbaycanlıların tarixi Azərbaycan ərazisindən qovulduğunu və yerlərinə ermənilərin yerləşdirildiyini deyiblər.
Qeyd edək ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.
Konfrans iki gün davam edəcək.
ZÜMRÜD