"Ermənistan Qarabağ və Şərqi Zəngəzurda 480 tondan çox minadan istifadə edib" - ANAMA
Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır.
Trend-in məlumatına görə, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, bu gizli ölüm toxumları insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı həm də bizi əhatə edən ekosistemə zərər vurmaqla həm ətraf mühitə, həm də insanların rifahı və sosial inkişafına ciddi təsir edir.
“Ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilmişdir. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir”, - deyə V.Süleymanov əlavə edib.