Daha bir ölkə Rusiya-Ukrayna savaşına qoşuldu - Şimali Koreyadan Rusiyaya minlərlə əsgər və qırıcı daşınır…
Cənubi Koreya Kəşfiyyat Təşkilatının (NIS) yaydığı yeni görüntülər Ukraynanın iddialarını bir daha təsdiqləyir. Şimali Koreya Rusiyaya dəstək üçün Ukraynaya minlərlə əsgər göndərib. Məsələ ilə bağlı açıqlama verən Ukrayna lideri Zelenski Şimali Koreyanın Rusiyaya dəstək olmaq üçün təxminən 10.000 əsgər göndərəcəyini açıqlayıb. Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirilo Budanov isə Şimali Koreyanın 11 minə yaxın əsgərinin noyabrın 1-dək Ukraynada "döyüşməyə hazır" olacağını bildirib.
Bunun ardınca, ABŞ Müdafiə Nazirliyi, məsələni araşdırmağa başladıqlarını açıqlayıb.
İki gün əvvəl 500 Şimali Koreya əsgərinin Rusiyaya çatdığına dair görüntülər paylaşılmışdı. Son olaraq Cənubi Koreya kəşfiyyatı, Şimali Koreyadakı bir hərbi limanda əsgərlərin Rusiya donanmasına aid gəmilərə mindirildiyinə dair görüntülər paylaşıb.
Cənubi Koreya kəşfiyyatına görə, görüntülər 8-13 oktyabr tarixlərinə aiddir. Bu tarixlər arasında, Rusiya donanmasına aid gəmilər Şimali Koreyadakı bir hərbi limandan götürdüyü Şimali koreyalı əsgərləri Rusiyanın Vladivostok limanına daşıyıb.
İki gün əvvəl isə, əsgərlərin Rusiya birlikləri tərəfindən xüsusi hərbi avadanlıqla təchiz edildiyinə dair görüntülər sızdırılıb. Kadrlarda Rusiya əsgərlərinin Şimali Koreya əsgərlərinə kömək etdiyi görünür.
Kəşfiyyat məlumatlarına görə, bu günə qədər Rusiyaya göndərilən qoşunlar Vladivostok, Ussuriysk, Xabarovsk və Blaqoveşenskidə hərbi bazalara yerləşdirilib və müharibəyə göndərilməmişdən əvvəl təlim keçirlər.
Cənubi Koreya rəsmiləri, Rusiyaya göndərilən əsgərlərin sayının yaxın həftələrdə və aylarda artacağını istisna etmirlər.
Bundan başqa, məlumatlara görə, Şimali Koreya Rusiyaya döyüş təyyarələri də göndərir. CNN Cənubi Koreya kəşfiyyatına istinadən xəbər verir ki, Şimali Koreya döyüş təyyarələrini 7 rus gəmisi ilə Rusiyaya daşıyır.
Məsələ ilə əlaqədar açıqlama verən ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Savet bu barədə xəbərlərin həqiqət olub-olmadığını təsdiq edə bilməyəcəklərini deyib: “Amma doğrudursa, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsində təhlükəli bir addımdır".
Onun sözlərinə görə, Şimali Koreya Rusiyaya dəstək verəcəyi halda, ABŞ "belə bir dramatik addım"ın nəticələri ilə bağlı müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr aparacaq.
"Əgər Rusiya həqiqətən Şimal Koreyadan hərbi qüvvə alırsa, bu, Kremlin gücünün deyil, çarəsizliyinin əlaməti olacaq" – deyə ABŞ rəsmisi bildirib.
Həftə ərzində Brüsseldə Avropa Birliyi (AB) sammitində, Şimali Koreyanın müharibəyə qoşulacağı və 10 min əsgər göndərəcəklərilə bağlı kəşfiyyat məlumatı əldə ediklərini deyən Ukrayna prezidenti Zelenski bildirib ki, Şimali Koreya ordusunun Rusiya tərəfdən müharibəyə qoşulması Dünya müharibəsinin ilk addımı olacaq.
Şimali Koreya qoşunlarının Rusiya-Ukrayna müharibəsinə qoşulması, Şimali Koreyanın 1950-1953-cü illərdəki Koreya müharibəsindən bəri ilk böyük müharibədə iştirakı deməkdir.
İyun ayında ABŞ Müdafiə rəsmiləri, Pxenyanı Rusiyaya ballistik raket texnologiyası qarşılığında silah dolu mindən çox konteyner göndərməkdə günahlandırmışdı. İddialara görə, Şimali Koreya ötən avqustdan bəri Rusiyaya 13 mindən çox konteynerlə top mərmisi, ballistik raket və tank əleyhinə raketlər göndərib.
Tahir TAĞIYEV