Şimali Kipr Prezidentinin media müşaviri Mətbuat Şurasında olub
Bu gün Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin media müşaviri Muslu Akgüney və Azərbaycan-Kıprıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Mətbuat Şurasında olublar.
Qonaqları salamlayan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O, eyni zamanda, bildirib ki, Azərbaycan jurnalistləri Şimali Kiprdən olan həmkarları ilə təmaslara malikdirlər və bu təmasların daha da gücləndirilməsinə ehtiyac duyulmaqdadır. Çünki Azərbaycan və Şimali Kipr arasında son dövrlər əlaqələr güclənib və medianın da mövcud müstəviyə adekvat reaksiya verməsi vacibdir.
M.Akgüney ölkəmizə ilk səfərindən məmnunluğunu dilə gətirərək deyib ki, məqsədi Şimali Kipr mediası ilə Azərbaycan mediasının münasibətlərinin dərinləşməsi üçün mexanizmlər müəyyənləşdirməkdir. O.Həsənoğlu da çıxışında bu məqama toxunub, indiyədək rəhbərlik etdiyi qurumla Mətbuat Şurasının əməkdaşlığına dair bir sıra müsbət məqamların üzərində dayanıb.
Görüşdə Azərbaycan və Şimali Kipr jurnalistlərinin birgə toplantılarının keçirilməsindən söz açılıb, bunun ortaq maraq və mənafelərin müdafiəsi, o cümlədən, informasiya mübadiləsinin dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.