İran Aviasiya Təşkilatı təyyarələrdə türk dilinə qadağa qoydu
İran Aviasiya Təşkilatı ölkədəki aviaşirkətlərə Azərbaycan dilində salamlama və anonsların qadağan olunması ilə bağlı qərar verib. "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə qurumun sözçüsü Cəfər Yazərlu açıqlama verib.
C.Yazərlu bildirib ki, Şərqi Azərbaycana məxsus "ATA" aviaşirkətinin təyyarə bələdçisinin "xoş gəldiniz" anonsunu türk dilində səsləndirməsində heç bir xüsusi niyyəti olmayıb.
"Bundan sonra hər hansı anlaşılmazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətlərinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə "xoş gəlmişsiniz" deyilməməli, qeyd olunan iki dildən başqa hər hansı bir dildə qonaqlar qarşılanmamalıdırlar", - deyə C.Yazərlu bildirib.
Onun sözlərinə görə, təyyarə bələdçisinin bu ifadəsinin sosial şəbəkələrdə paylaşılması bir sıra tənqidlərlə qarşılanıb.
Videonu paylaşan "ATA" aviaşirkətinin sahibi güneyli Məhəmmədrza Zunuzi isə Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldin" ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq aktı olmasını iddia edənləri tənqid edib.
O, aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə işıqlandırılmasına toxunaraq deyib: "Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də "xoş gəldiniz" deyilsin. Bunun harası separatçılıqdır, konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq? Bu nə qanundur?", - deyə Zunuzi əlavə edib.
TAHİR