Sahibə Qafarova Bakıdan düzgün təlimat aldı…
İsveçrədə dünya Parlamentləri İttifaqının149-cu sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ermənistan spikeri Simonyanla görüşməkdən imtina edib. Erməni mənbələrinin iddiasına görə, Azərbaycan tərəfi görüşə öncədən razılıq versə də, son anda ondan imtina edib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Fikrimcə, öncədən hər hansı görüş razılaşmasının olub-olmamasından asılı olmayaraq, Azərbaycan diplomatiyasının Ermənistanla görüşdən imtinası şəraitə tam uyğun və düzgün addımdır. Çünki...
Əvvəla, sülh danışıqları üzrə bütün prosesin məhz Ermənistanın təxribatları üzündən dalana dirəndiyi bir vaxtda parlament sədrlərinin görüşlərinin heç nəyi dəyişməyəcəyi gün kimi aydındır. İndiyə qədərki nəticəsiz görüşlərin də yalnız quru xoş məram nümayişindən başqa bir şey olmadığı da məlumdur.
2. Bir neçə gün əvvəl Moskvada Paşinyanın Azərbaycan Prezidenti ilə Putinin vasitəçiliyində görüşdən imtinasından sonra Ermənistanla təmaslardan imtina ən düzgün qərardır. Bu görüşün baş tutması Ermənistanın sülh prosesində təşəbbüsü ələ alması və ya proseslərin onun tərəfindən idarə olunması kimi yalançı bir görüntünü ortaya qoymuş olardı. Azərbaycana isə bu lazım deyildi.
3. İsveçrədə spikerlərin görüşündən bir gün əvvəl Paşinyan İrəvandakı "Dünya kəsişməsi" konfransında 10 noyabr 2020-ci il sənədinin bütün maddələrinin məhz Azərbaycan tərəfindən pozulduğunu bəyan edirdi. Bu bəyanat əslində mahiyyətcə 10 noyabr sənədinin denonsasiyası, onun ləğvi və ya Ermənistanın formal şəkildə ondan çıxması kimi başa düşülməlidir. Bu bəyanatdan sonra İsveçrədəki görüş qalib və məğlub tərəflərin görüşü yox, iki bərabər tərəfin görüşü demək olardı. Mütləq qalib olduğumuz halda, danışıq masasında Ermənistanla bərabər tərəfmüqabil kimi oturmaq əsla düz olmazdı.
Sahibə Qafarova Bakıdan düzgün təlimat aldı....
Tahir TAĞIYEV