TƏBİB-də, demək olar hər gün kadr dəyişikliyi olur - bəs nəticə?...
Mütəmadi olaraq dövlət qurumlarında kadr dəyişikliyi baş verir. Son zamanlar kadr dəyişikliyi daha çox "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs(TƏBİB)də müşahidə olunur. Bu yaxınlarda TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov kadr dəyişikliyi həyata keçirib.
V.Qurbanovun müvafiq əmri ilə Ramin Ağayev Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsindən azad edilib. Digər əmrlə Məmmədova Lamiyə Maarif qızı Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini icra edən təyin olunub.
Maraqlıdır, son zamanlar TƏBİB-də müşahidə olunan kadr dəyişikliyinin nəticəsi varmı və ya olacaqmı? Ümumiyyətlə, kadr dəyişikliyi bu sahənin inkişafına necə təsir edir?
Adil Qeybulla: “Yaxşı olar ki, kadr dəyişikliyi əvəzinə təşkilati işlərə fikir verilsin”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son zamanlar TƏBİB-də başverən kadr dəyişikliyi heç nə demək deyil, əsas işin düzgün qurulmasıdır. İş elə qurulmalıdır ki, vətəndaş İcbari Tibbi Sığortadan keyfiyyətli yardım görsün: “Danılmaz faktdır ki, İcbari Tibbi Sığorta tətbiq ediləndən sonra mürəkkəb, ağır əməliyyatlar pulsuz icra olunur. Bu böyük bir nailiyyətdir. Ancaq bu məsələnin tam həlli demək deyil. Belə ki, İcbari Tibbi Sığorta ilə bağlı vətəndaşlar tam məlumatlı deyil. Bu səbəbdən də hesab edirəm ki, kadr dəyişikliyi heç nəyi həll etmir. Yaxşı olar ki, kadr dəyişikliyi əvəzinə təşkilati işlərə fikir verilsin”.
Pərvanə Mustafayeva: “TƏBİB-də müşahidə olunan kadr dəyişikliyinin bu sahənin inkişafına necə təsir etdiyi zamanla bəlli olacaq”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, TƏBİB-də müşahidə olunan kadr dəyişikliyinin bu sahənin inkişafına necə təsir etdiyi zamanla bəlli olacaq: “Bütün sahələrdə olduğu kimi, bu sektorda da problemlər var. Həkimlər əmək haqqının azlığından və ya kəsilməsindən şikayət edir. Ümid edirəm ki, bu kimi problemlər zamanla həllini tapacaq”.
Leyla QARAXANLI