Laçın və Şuşada 400-dən çox vakant iş yeri açıldı...
Vüqar Bayramov: “Tək Şuşa və Laçın deyil, işğaldan azad edilən bütün bölgələrdə əmək yarmarkaları keçirilir”
İşğaldan azad edilmiş torpaqlara həyat yenidən qayıdır. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzur quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir.
Vətən müharibəsi bitər-bitməz azad edilmiş ərazilərin bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması bir daha onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. İşğaldan azad edilmiş ərazilərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində genişmiqyaslı işlər aparılır. Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək. Bu barədə nazirlik məlumat yayıb.
Tədbirlərdə işsiz və işaxtaran şəxslərə 42-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 400-dən çox vakansiya təqdim ediləcək, onlara Agentliyin aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar da veriləcək.
“Yalnız dövlət deyil, həm də özəl sektor Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan vətəndaşların işlə təminatına çalışır”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işğaldan azad edilən ərazilərdə məşğulluğun təmin edilməsi prioritet məsələdir: “Ölkə başçısı İlham Əliyev işğaldan azad edilən bölgələrdə yaşayan əhalinin işlə təmin edilməsini əsas vəzifələrdən biri kimi müəyyən edib. Bu baxımdan mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzurda əmək yarmarkaları keçirilir. Əmək yarmarkalarının keçirilməsi əmək bazarında olan vakasiyaların təklif edilməsi baxımından vacibdir. Bu, işəgötürənlə iş axtaranların bir araya gəlməsi baxımından əhəmiyyətlidir. Əmək yarmakalarında özəl sektorun iştirakı xüsusi təqdir olunmalıdır. Tək Şuşa və Laçın deyil, işğaldan azad edilən bütün bölgələrdə əmək yarmarkaları keçirilir. Yalnız dövlət deyil, həm də özəl sektor Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan vətəndaşların işlə təminatına çalışır. Bu baxımdan məşğulluğun təmin edilməsində əmək yarmarkalarının xüsusi rolu var. Bu kontekstdən əmək yarmarkalarının keçirilməsi təqdirəlayiqdir. Gələcəkdə bu yarmarkalar vasitəsilə daha çox vətəndaşın işlə təminatına nail olmaq mümkün olacaq”.
Günel CƏLİLOVA