Əliyevlə Putin müharibənin 80 illiyində Bakıya Qəhrəman şəhər adı üzərində razılaşıblar?...
Təbriz Musayev: “Bu baxımdan tarixi ədalətin bərpa edilməsinə ümid var”
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustda Azərbaycana rəsmi səfəri zamanı mətbuata bəyanatında bildirdi ki, Prezident İlham Əliyevlə razılığa gəldik ki, bizim Böyük Qələbəmizin qarşıdakı 80 illiyini geniş şəkildə qeyd edək:
“Ölkələrimizdə sovet xalqının Böyük Vətən müharibəsində igidliyini hörmətlə anırlar. Xatırlayırlar ki, bizim atalarımız, babalarımız və ulu babalarımız birlikdə ümumi Vətənimizi qoruyublar və dünyanın nasizmdən xilasına həlledici töhfə veriblər. İlham Heydər oğlu ilə razılığa gəldik ki, bizim Böyük Qələbəmizin qarşıdakı 80 illiyini geniş şəkildə qeyd edək”.
O da məlumdur ki, Azərbaycanın Böyük Vətən müharibəsində xidmətləri böyükdür. Məsələn, təkcə müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Digər xidmətlər də öz yerində. Ancaq bütün bunlara baxmayaraq, o vaxt SSRİ-nin bir sıra şəhərlərinə qəhrəman statusu verilsə də, Bakıya bu status verilməyib. Hətta SSRİ dönəmində Azərbaycana rəhbərlik edən Heydər Əliyev Bakıya Qəhrəman şəhər statusunun verilməsi ilə bağlı Moskvaya bir neçə dəfə müraciət edib, amma bu istək qəbul olunmayıb. Müəyyən qüvvələr buna mane olub. Xüsusəndə Kreml rəhbərliyində olan ermənilər buna mane olub.
Bəzi mütəxəssislərin fikrincə və söz-söhbətlərə görə, Putin Bakıda səfərdə olarkən Prezident Əliyevlə bu istiqamətdə müzakirələr olub. Əliyev Bakıya Qəhrəman şəhər statusunun verilməsi məsələsinin keçmişdə qərəzli şəkildə həll edildiyini vurğulayıb. Və gec də olsa ədalətin bərpa olunması üçün addım atmağın vacib olduğunu bildirib. Bax belə söz-söhbət gəzir.
Sözügedən məsələni bakı-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev prinsipcə, belə bir qərarın ola biləcəyini istisna etmədi: “Siyasətdə hər şey mümkündür. Nəzərə alsaq ki, Azərbaycanla Rusiya münasibətləri bu gün çox yaxşı səviyyədədir, bu baxımdan tarixi ədalətin bərpa edilməsinə ümid var. Gecikmiş də olsa tarixi ədalət bərpa edilməlidir. Ən azından ona görə ki, Bakı nefti olmasaydı, sovet texnikası hərəkət edə bilməzdi. Bakı nefti qələbənin əldə olunmasında həlledici rol oynayıb. Digər tərəfdən, həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Ancaq təəssüflər olsun ki, Bakiya Qəhrəman şəhər statusu verilmədi. İkinci Dünya müharibəsində faşistlərə qarşı mübarizədə xüsusi dəyanət göstərmiş Sovet İttifaqının 12 şəhər və 1 qalasına Qəhrəman şəhər adı verildi: Moskva, Leninqrad, Odessa, Sevastopol, Volqoqrad (Stalinqrad), Kiyev, Brest qalası (Belarus), Kerç, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk. Təəssüf ki, SSRİ-nin xeyrinə müstəsna xidmətlər göstərmiş Azərbaycanın paytaxtı Bakı şəhəri layiq olduğu mükafata layiq görülmədi. Ona görə də tarixi ədalət bərpa olunmalıdır və qələbənin 80 illiyində buna ümid var”.
Vidadi ORDAHALLI