İran 4 ərəb ölkəsini təhdid etdi - hədəfə çevriləcəksiz
Xəbər verildiyi ki, İsrail İranın 1 oktyabr raket hücumuna cavab verəməyə hazırlaşır. Ancaq hələlik bununla bağlı yekun qərar verilməyib. "Yediot Ahranot" xəbər verir ki, yekun qərar olmadığı üçün İsrail Təhlükəsizlik və Siyasi Kabineti baş nazir Netanyahu və müdafiə naziri Yoav Qallanta bununla bağlı hələlik səlahiyyət verməyib. Qərarın verilməməsi səbəbindən müdafiə naziri Qallantın Vaşinqton səfəri də təxirə salınıb.
Belə bir vaxtda Amerikanın "Wall Street Journal" qəzeti diqqətçəkən iddia ilə çıxış edib. Qəzetin yazdığına görə, İran ABŞ-ın Yaxın Şərqdəki müttəfiqi olan bəzi ərəb ölkələrini hədələyib.
Məlumata görə, İran sözügedən ərəb ölkələrinə, İsrailin mümkün cavab hücumunda hərbi infrastrukturlarından və ya hava məkanından istifadə edilməsinə icazə verəcəkləri halda hədəfə çevriləcəkləri barədə xəbərdarlıq edib.
Qəzetə danışan ərəb rəsmiləri bildiriblər ki, Tehran administrasiyası diplomatik kanallar vasitəsilə öz ərazisindən və hava məkanından istifadəyə icazə verməklə potensial cavab hücumunu asanlaşdıracaq istənilən ərəb dövlətinə cavab verəcəyi barədə xəbərdarlıq edib.
Rəsmilərə görə, ABŞ-ın hərbi bazalarının olduğu İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər İran tərəfindən təhdid edildiyi iddia edilən ölkələr arasındadır. Sözügedən ölkələrin artıq Bayden administrasiyasına hərbi infrastruktur və ya hava sahələrindən ABŞ və ya İsrail tərəfindən İrana qarşı hücumda istifadə edilməsinə qarşı olduqlarını bildirdikləri qeyd edilir.
TAHİR