Özbək uşaqlar üzərində Fransanın "kəşfiyyat layihəsi" başladı - Fransadan türkə dost olar?...
Gələn il Özbəkistanda 12 uşaq bağçasında fransız dili pulsuz tədris olunacaq və bu dilin 200 müəllimi qrant əsasında Fransada təcrübə keçəcək. Bu barədə sazişlər DSX-nin naziri Xilola Umarovanın Beynəlxalq Frankofoniya Təşkilatının sammitinə səfəri zamanı imzalanıb.
Beləliklə, gələn ildən Özbəkistanda uşaqlara fransız dili öyrədiləcək. Bəllidir ki, ermənipərəst Fransadan heç bir türk dövləti xeyir görməyib. Fransız dili əvəzinə uşaqlara ingilis dili öyrətmək olmazmı?
Maraqlıdır, bu, Fransanın Özbəkistandakı kəşfiyyat layihəsi ola bilərmi? Uşaqlara dil öyrətmək, müəllimləri təcrübə adı ilə Fransaya aparmaq kəşfiyyat işinin hansısa bir detalı ola bilərmi?
Aydın Mirzəzadə: “Fransa türk dünyasının içinə daxil olmaq istəyir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Özbəkistanda fransız dilli uşaq bağçasının yaradılması Fransanın təşəbbüsüdür. Bu gün Fransanın Azərbaycan və Türkiyə ilə çox pis münasibətləri var: “Bunun səbəbi elə Fransanın özündədir. Fransa bu iki dövlətin birliyinə qarşı maksimum dərəcədə mübarizə aparır, Azərbaycan və Türkiyə ilə bağlı böhtanlar yayır. Bununla yanaşı, Fransa türk birliyi məsələsinin də çox vacib olduğunu bilir. Buna görə də türk dünyasının içinə daxil olmaq istəyir. Ancaq hansısa dilin öyrənilməsi o demək deyil ki, orada həmin siyasi hakimiyyət dəstəklənəcək. Məlumdur ki, Özbəkistanın Azərbaycanla sıx münasibətləri var, qardaşlıq əlaqələri daima genişlənir. Müxtəlif sahələr üzrə Özbəkistanla əməkdaşlıq edilir. Əgər fransızlar düşünür ki, özbəklərə öz dillərini öyrətməklə Azərbaycan və Türkiyəyə qarşı çıxaracaqlar, bu uğursuz olacaq. Onların məkrli niyyəti baş tutmayacaq".
Xəyal Bəşirov: “Fransa gələcəkdə Özbəkistandan uran nəql etmək, təbii sərvətlərdən istifadə etmək istəyir, onların əsas məqsədi budur”
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransanın Özbəkistanla yaxınlaşmasının çox ciddi səbəbləri var. Son zamanlar Emmanuel Makron Mərkəzi Asiyaya səfərlər edib. Bununla yanaşı bir sıra hadisələr də baş verdi: “Belə ki, Afrikadan Fransa atom elektrik stansiyaları çıxarıldı. Fransa dövlət olaraq Nigerden qovuldu. Belə olan halda Fransa yeni uran yataqları axtarmaq məcburiyyətində qaldı. Nigerdən nəql etdikləri uranın alternativini tapmaq üçün Fransa Mərkəzi Asiyaya üz tutdu. Qeyd etdiyim kimi, ötən il Mərkəzi Asiyaya Makronun səfəri oldu. Makron Qazaxıstan və Özbəkistana səfər etdi. Səfər zamanı uranın nəql olunması da müzakirə edilib".
Politoloq hesab edir ki, Özbəkistanda fransız dilli bağçaların açılması o deməkdir ki, Fransa bu gün də neokolonializm siyasəti yürüdür. Fransa gələcəkdə Özbəkistandan uran nəql etmək, təbii sərvətlərdən istifadə etmək istəyir. Onların əsas məqsədi budur: “Həmçinin, Özbəkistanda fransız dilinin öyrədilməsi ilə bu ölkəyə müxtəlif istiqamətlər üzrə kəşfiyyatçılar daxil ola bilər. Müəllimlərin Fransada təcrübəyə cəlb olunması diqqətə alınmalıdır. Özbəkistanlı müəllimlər Fransada müəyyən niyyətlər üçün istifadə edilə bilər. Hesab edirəm ki, Özbəkistan Fransanın dünyadakı rolundan, əlindən xəbərdardır. Buna uyğun da addımlarını atacaq".
Günel CƏLİLOVA