Azərbaycanla Rusiya arasında “daimi diqqət istəyən layihələr” nə deməkdir...
Fikrət Yusifov: “Ölkəmizdə Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir”
Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir. Bu barədə Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Dövlət başçısı qeyd edib: “Gündəliyimiz (ikitərəfli münasibətlərin) kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir”. Prezident Əliyev onu da vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir.
Maraqlıdır, Prezident “Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir” deməklə nələri nəzərdə tutur? Burada söhbət hansı layihələrdən gedə bilər?
“Təbii ki, belə geniş və daha çox sahələrdə işlərin normal getməsi həm də hər iki ölkənin hökumətlərindən...”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir bir sıra məqamlara toxundu: “Əvvəla, son illər iki ölkə arasında iqtisadi əlaqələr genişlənir. Məsələ ondadır ki, son illərdə Rusiya ilə Azərbaycan arasında ticarət, energetika, sənaye, kənd təsərrüfatı, logistika, nəqliyyat, turizm, mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Sözügedən sahələrdə hiss olunan inkişaf meylləri var. Çünki hər iki ölkənin investorları onlar üçün maraqlı olan sahələrə yatrımlar edirlər. Rusiyalı investorlar Azərbaycan iqtisadiyyatına artıq 4 milyard dollardan çox vəsait yatırıblar. Potensial isə bundan daha böyükdür. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən rayonlarda iqtisadi potensial böyükdür. Bu gün Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir. Müşahidələr göstərir ki, bu rəqəm son illər ərzində durmadan böyüyür və genişlənir. Azərbaycanlı iş adamları da Rusiyada aqrobiznes, meşə təsərrüfatı və turizmə, o cümlədən Xəzər dənizinə fəal şəkildə sərmayə qoyurlar. Təbii ki, belə geniş və daha çox sahələrdə işlərin normal getməsi həm də hər iki ölkənin hökumətlərindən prosesi nəzarətdə saxlamağı tələb edir. Ona görə də hesab edirəm ki, nəzarət deyəndə bundan söhbət gedə bilər”.
Vidadi ORDAHALLI