Azərbaycan Ukraynada daha 4 yenidənqurma layihəsini maliyyələşdirəcək...
Əli Mustafa: “Bu bir daha onu göstərir ki, Azərbaycan müstəqil siyasət yeridir və ölkə maraqlarına önəm verir”
Azərbaycan hökuməti Ukraynanın işğaldan azad edildikdən sonra bərpa olunan İrpen şəhərində 4 layihə maliyyələşdirəcək. Bu barədə həmin şəhərin meri Oleksandr Markuşin Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşdən sonra facebook-da yazıb.
“Azərbaycan ən yüksək səviyyədə aydın şəkildə bildirib ki, bir neçə aydır üzərində fəal şəkildə işlədiyimiz 4 yenidənqurma layihəmiz Azərbaycan Respublikasının hökuməti tərəfindən maliyyələşdiriləcək”, deyə o, öz hesabında yazıb. Bərpa üçün mədəniyyət, idman, yaşayış sahəsində obyektlər seçilib.
“Maliyyə vəsaitinin alınması mexanizmi, ölkələrimiz arasında dövlətlərarası saziş, vergilər haqqında vacib söhbət olub. Amma ən əsası, Ukrayna və İrpen Azərbaycandan olan köhnə dostlarımızın və tərəfdaşlarımızın hərtərəfli dəstəyinə malikdir”, deyə Markuşin yazıb.
Onu da qeyd edək ki, sentyabrın 30-da Laçında Azərbaycanın erməni işğalından azad edilmiş bu şəhərinin İrpen şəhəri ilə qardaşlaşması haqqında saziş imzalanıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ukraynaya yardımın davamlı edilməsində qərarlıdır və buna xüsusi önəm verir.
“Ukraynanın dağıdılmış şəhərlərinin bərpa olunmasında biz dost dövlət olaraq iştirak edirik”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa hesab edir ki, Azərbaycanın İrpen şəhərinin bərpasında iştirak etməsi və bununla bağlı üzərinə bəzi öhdəliklər götürməsi müsbət haldır: “Bu bir daha onu göstərir ki, Azərbaycan müstəqil siyasət yeridir və ölkə maraqlarına önəm verir. Bu, həm də ondan xəbər verir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dağıdılmış şəhərlərin bərpa olunmasında, ölkəyə dəymiş zərərin aradan qaldırılmasında biz dost dövlət olaraq iştirak edirik. Bu, ölkəmizin xoş niyyətini ifadə edir. Əlbəttə, indi bütün dünya Ukraynanın bərpa olunması ilə bağlı danışır. Hesab edirəm ki, bu çox yaxşıdır. Bu o deməkdir ki, müharibədən sonra bərpa prosesi sürətli olacaq və əksər ölkələr buna qoşulacaq. Deməli, dünya fərqindədir ki, Ukrayna xalqına dəyən zərər həddən artıq çoxdur və bunu təkcə o xalqın öz gücü hesabına aradan qaldırmaq çətin məsələdir. Bunun üçün də dəstək lazımdır. Sevindirici haldır ki, Azərbaycan yeganə MDB ölkəsi olaraq bu prosesdə iştirak edir. Özü də müharibə hələ bitməmiş yardım edir. Laçın şəhəri ilə İrpenin qardaşlaşması da müsbət haldır. Çünki Laçın şəhəri uzun illər Ermənistanın işğalı altında olub. Ona görə də təcavüzün qurbanı olan şəhərlərin dostlaşması, xalqların qardaşlaşması, bir-birini dəstəkləməsi, əməkdaşlıq etməsi müsbət haldır. Ümumiyyətlə, təcavüzə, işğala qarşı dünya birliyinin, bəşəriyyətin bir arada olması baxımından da bu çox önəmlidir. Bu, Azərbaycanın beynəlxalq aləmdə imicinə də müsbət təsir edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazilərinin də əhəmiyyətli hissəsi dağıdılaraq viran qoyulub. O baxımdan yaxşı olardı ki, dünya dövlətləri də işğaldan azad edilən viran qalmış ərazilərimizin bərpasına yardım etsinlər. Bərpa prosesini yalnız Azərbaycan dövlətinin, xalqının çiyinləri üzərinə qoymasınlar. Bütün bu deyilənlərin fonunda, Azərbaycanın Ukraynada bərpa prosesinə dəstək verməsi müsbət haldır”.
Vidadi ORDAHALLI