Azərbaycanda qiymətli kağızların məsafədən ticarəti başlayır - bazarı nə gözləyir...
Əkrəm Həsənov: “Qiymətli kağızların məsafədən ticarəti bazara hər hansı bir təsir etməyəcək”
Yaxın günlərdə "Bakı Fond Birjası" QSC (BFB) investorlara qiymətli kağızların məsafadən ticarəti üçün imkan yaradacaq. Bu barədə BFB-nin məhsulun inkişafı üzrə rəhbəri Fərid Abbaszadə media nümayəndələrinə açıqlamasında bildirib. O qeyd edib kii. bu, səhm və istiqrazların ticarətini daha əlçatan edəcək.
Maraqlıdır, qiymətli kağızların məsafədən ticarəti bazara necə təsir edəcək? Bunun nə kimi müsbət və mənfi təsiri olacaq?
“İnsanlar qiymətli kağız, istiqrazdan almaqdan yan keçir, bunlara pul yatırmaq əvəzinə banka əmanət qoymaq daha sərfəlidir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qiymətli kağızların məsafədən ticarəti bazara ciddi təsir etməyəcək: “Çünki Azərbaycanda səhm, istiqraz bazarı yoxdur. Ölkədə real qiymətli kağız bazarı inkişaf etməyib. Bizdə bu sahə çox cılız, zəif səviyyədədir. Bunun da ilkin səbəbi şəffaflıqla bağlıdır. Həmçinin, qanunvericilikdə bu qeyd edilən sahə ilə bağlı boşluqlar var. Qiymətli kağız odur ki, hansısa bir şirkət səhm buraxır və kimisə payçısı olsun deyə dəvət edir. Yəni kimsə 1 faiz pay alsa, gəlir olarsa ordan ona da nəsə dividend veriləcək. Buna kim razı olar? Dividentin verilib-verilməməsi sual altındadır, gələcəkdə də hesabat verilən zaman mənfəət olmadığını, ziyanla işlədiyini bildirəcək. Əksəriyyət vergidən yayınmaq üçün belə edir. Eyni hal istiqrazlarda da müşahidə olunur. Hansısa şirkət istiqraz buraxır, faiz verəcəyinə, sonda da pul, gəlir əldə ediləcəyinə dair vəd verir. Sonda isə müflis xəbəri yayılır. Bu səbəbdən də insanlar qiymətli kağız, istiqraz almaqdan yan keçir. Bunlara pul yatırmaq əvəzinə banka əmanət qoymaq daha sərfəlidir”.
Həmsöhbətimiz onu da əlavə eydi ki, əksər inkişaf etmiş ölkələrdə qiymətli kağız, istiqraz bazarda öz sözünü deyib və buna tələb var. Bizdə isə vəziyyət fərqlidir: “Qiymətli kağızların məsafədən ticarəti bazara hər hansı bir təsir etməyəcək”.
Günel CƏLİLOVA