Makron Paşinyanın Bakı ilə mümkün qədər tez saziş bağlamasını istəyirmiş - yalana baxın...
Mübariz Göyüşlü: “Makron Paşinyanla birlikdə sülh bəyanatı verir, ancaq əməl və fəaliyyətdə başqa iş görür”
Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron bir neçə gün əvvəl Parisdə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.
Makron Ermənistan və Azərbaycan arasında “mümkün qədər tez” sülh müqaviləsinin “bütün region xalqlarının maraqlarına uyğun” imzalanmasına çağırıb: “Bu kontekstdə o, beynəlxalq hüquq normalarına ciddi uyğun olaraq və regionun bütün xalqlarının maraqlarına uyğun olaraq tezliklə sülh müqaviləsinə nail olmaq məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən müzakirələrə sadiqliyini bir daha təsdiqləyib”.
Makron qısa müddətdə sülh müqaviləsinin imzalanmasının vacib olduğunu bildirib. Maraqlıdır, Fransa sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, niyə Ermənistanı silahlandırır?
“Fransa Ermənistanı antiazərbaycan çalışmalarını fəal şəkildə aparmağa həvəsləndirir, gərginliyi artırır, hazırki vəziyyət Fransanın ikiüzlü siyasətini göstərir”
Siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanın bu istəyi onun imperialist marağından irəli gəlir: “Məlumdur ki, Fransa müstəmləkə siyasəti yeridən bir ölkədir. Fransa dövlətləri, xalqları müstəmləkə əsarətində saxlayır. Makron Paşinyanla birlikdə sülh bəyanatı verir, ancaq əməl və fəaliyyətdə başqa iş görür. Danılmaz faktdır ki, Fransa Ermənistanı silahlandırır. Bununla yanaşı, Fransa Ermənistanı antiazərbaycan çalışmalarını fəal şəkildə aparmağa həvəsləndirir, gərginliyi artırır. Hazırki vəziyyət Fransanın ikiüzlü siyasətini göstərir. Bu hal 5-10 ilin deyil, 100-200 ilin siyasətidir. Fransa artıq Ermənistana da öz müstəmləkəsi kimi yanaşmaqdadır. Ermənistan da bunu hiss edir və həvəslə qəbul edir. Məlumdur ki, Fransa müstəmləkə kimi yanaşdığı ölkələrdə də bu üsullardan istifadə edir. Əsasən, sülh, demokratiya, insan hüquqları kimi mücərrəd anlayışlardan istifadə edir, digər tərəfdən də silahlandıraraq problem yaratmağa davam edir. Ancaq Azərbaycanla bağlı bunu etmək mümkün deyil. Azərbaycan Fransanın idarə etdiyi ölkələrdən deyil. Azərbaycan öz maraqlarını, öz dövlətçilik maraqlarını qorumağı bacarır”.
Ekspert onu da əlavə etdi ki, Fransa Ermənistanı silahlandırmaqla bölgədəki gərginliyi artırır.
Günel CƏLİLOVA