ABŞ USAİD-nin Azərbaycandakı bütün layihələri dayandırılır...
İlyas Hüseynov: "Ermənistanın silahlandırılması bölgədə eskalasiya, müharibə risqini artırır və bu da bizim milli təhlükəsizliyimizə təhdid kimi qiymətləndirilir"
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana maliyyə yardımının miqdarını iki dəfə artırması çox təhlükəli tendensiyalar formalaşdırır. Bu, Cənubi Qafqazda aparılan sülh təşəbbüslərinə zərbə vuran addımlar kimi xarakterizə oluna bilər.
Çünki USAID bütün dünyada müxtəlif hakimiyyətləri devirmək üçün səyləri gücləndirir, digər tərəfdən isə özlərinə sadiq olan siyasi dairələrə fərqli məqsədlərlə maliyyə dəstəyi göstərir
Azərbaycan Respublikası VII çağırış Milli Məclisinin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib. Müraciətin sonundə deyilir ki, ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələr dayandırılsın və yeni layihələrə icazə verilməsin, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulsun.
Maraqlıdır, USAID Azərbaycanda hansı layihələri həyata keçirir? Bu təşkilatdan Azərbaycana hansı təhlükələr yarana bilər?
USAID-in internet resurslarında bildirilir ki, təşkilatın Azərbaycandakı məqsədi qarşılıqlı təhlükəsizliyə və firavanlığa sərmayə qoyaraq Azərbaycanla uzunmüddətli dostluq və davamlı tərəfdaşlıq qurmağa davam etməkdir. Əlavə edilir ki, USAID azərbaycanlıların həyatını yaxşılaşdırmağa qərarlı olan Azərbaycan hökuməti, yerli özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə işləyir: "USAID iki əsas sahədə inkişaf yardımı göstərir: qeyri-neft sektorunun inkişafına dəstək; iştirakçı və şəffaf demokratik və idarəçilik proseslərinin gücləndirilməsi.
USAID-in strategiyası Azərbaycanla İnkişaf Əməkdaşlığı Strategiyasında (2020-2025) təsvir edilərək USAID-in yardımı haqqında ətraflı məlumatı təqdim edir.
USAID-in işi, xüsusilə kənd təsərrüfatı və turizm sektoru olmaqla özəl sektorun inkişafı və sərmayə üçün daha yaxşı mühitin yaradılmasına, habelə insan alveri ilə mübarizə, işsizliyin azaldılması, bölgələrdə su qıtlığının həlli, gender bərabərliyinin yaxşılaşdırılması, mühim xidmətlərin göstərilməsinə yönəlik qeyri-hökumət təşkilatlarının səylərinə dəstək, ictimai həyatda vətəndaşların iştirakının artırılmasına yönəlib".
USAID-in Azərbaycanda fəaliyyəti hansı təhlükələri yaradır, sualı ilə siyasi şərhçi İlyas Hüseynova müraciət etdik. Cənab Hüseynov bildirdi ki, VII çağırış Milli Məclisin bir qrup deputatının xarici işlər naziri Ceyhun Bayramova müraciətini tamamilə haqlı hesab edir: "Çünki ABŞ-nin bir sıra institutları Bakı ilə Vaşinqton arasındakı münasibətlərə zərbə vurur və burada ermənipərəst mövqedən çıxış edirlər. Məlumdur ki, ABŞ-də mühüm seçki dövrü başlayır. Amerikadakı iri vergi ödəyicilərinin rəğbətini qazanmaq, onların istəklərinə uyğun addımlar atmaq əsas hədəfdir. Lakin bu yanaşmalar Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla ABŞ arasındakı münasibətlərə də mənfi təsir göstərir. Həm də bu fəaliyyət Amerikanın sülh tərəfdarı olan vasitəçi kimi imkanlarını daraldır.
Mürəciətdə əsas vurğu edilən məqam ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə ölkəmizdə son qoyulmasi ilə bağlı çağırışdır. Çunki USAID, onun rəhbəri, eləcə də müavini Ermənistana səfərləri zamanı bu ölkəyə böyük və səxavətli yardımlar söz veriblər. Ermənistana vəd olunan yardımın iki dəfə artırılmasına dair qərar qəbul edilib. Bütün bunlar Ermənistanda silahlanmaya və revanşizmə təkan verən addımlardır. Ermənistanın silahlandırılması bölgədə eskalasiya, müharibə risqini artırır və bu da bizim milli təhlükəsizliyimizə təhdid kimi qiymətləndirilir. Bütün bu amilləri nəzərə alaraq, düşünürəm ki, Azərbaycan parlamentinin müraciəti həm haqlıdir, həm də indiki reallıqları özündə əks etdirir. Çünki USAID əvvəlki dövrlərdə də ölkəmizə qarşı çirkin əməlləri ilə yadda qalıb. USAID-in müxalifəti maliyyələşdirməsi, antimilli qüvvələrə dəstək verməsi yadımızdadır, bunu unutmamışıq. Hazırki dövrdə də USAID Ermənistana dəstək verməklə sabitliyi pozmaq hədəflərini müəyyənləşdirib. Biz də buna qarşı etiraz səsimizi ucaldırıq. Hesab edirəm ki, parlament və ekspert cameəsi səviyyəsində bu proses davam etdirilməlidir".
Dəniz NƏSİRLİ